logo

Bakıda Azərbaycan-İraq əməkdaşlığı müzakirə edilib

18:10 05-04-2021 | icon 1624
Bakıda Azərbaycan-İraq əməkdaşlığı müzakirə edilib

Xarici işlər naziri Ceyhun Bayramov aprelin 5-də Azərbaycanda səfərdə olan İraq parlamentinin Xarici əlaqələr komitəsinin sədri Şerko Məhəmməd Saleh Əhməd Kadir Mir Vaisin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

XİN-in Mətbuat xidməti idarəsindən YeniAvropa-ya bildirilib ki, qonaqları salamlayan nazir Ceyhun Bayramov ölkələrimiz arasında münasibətlərin tarixi, mədəni və dini bağlar üzərində inkişaf etdiyini vurğulayaraq, həm ikitərəfli, həm də çoxtərəfli çərçivələrdə əməkdaşlığın həyata keçirildiyini bildirib. Hazırkı səfərin ölkələrimizin parlamentləri arasında əlaqələrin genişləndirilməsi ilə yanaşı, ümumilikdə Azərbaycan-İraq münasibətlərinin inkişafı baxımından faydalı müzakirələrin aparılması üçün imkanlar yaratdığını bildirib.

İraq parlamentinin Xarici əlaqələr komitəsinin sədri ölkələrimiz arasında mövcud olan müsbət əlaqələri qeyd edərək, beynəlxalq səviyyədə Azərbaycanın İraqa verdiyi dəstəyi, eləcə də Azərbaycan tərəfindən göstərilən humanitar yardımı məmnunluqla qeyd edib. Münaqişələrin həlli ilə bağlı İraqın beynəlxalq hüququn prinsiplərini hər zaman rəhbər tutduğu vurğulanıb.

İraqın ölkəmizin ərazi bütövlüyünə hər zaman dəstək verdiyinə görə qarşı tərəfə təşəkkürünü bildirən nazir Ceyhun Bayramov Azərbaycan ərazilərinin bir hissəsinin 30 ilə yaxın davam edən işğalı dövründə Ermənistan tərəfindən törədilən dağıntılar, qeyri-qanuni fəaliyyət, çoxsaylı müharibə cinayətləri, 44 günlük Vətən müharibəsindən sonra bölgədə mövcud olan cari vəziyyət, üçtərəfli bəyanatların icrası ilə bağlı məsələləri barədə qarşı tərəfi məlumatlandırıb. Ermənistanın həm işğal dövründə, həm də bu əraziləri məcburən tərk etmə mərhələsində azad olunan torpaqları geniş şəkildə mina ilə zəhərlədiyi, hərbi əməliyyatların dayandırılmasına rəğmən minaların yerləri ilə bağlı məlumatı hələ də Azərbaycan tərəfinə təqdim etmədiyi və beləliklə də beynəlxalq humanitar hüququ kobud şəkildə pozmaqda davam etdiyi İraq parlamentarilərinin diqqətinə çatdırılıb. Dünya dövlətlərinin bu məsələyə münasibətdə səssiz qalmamaları və Ermənistana ciddi təsir etmələrinin vacibliyi vurğulanıb.

Tərəflər, həmçinin ikitərəfli əlaqələrin inkişaf etdirilməsi perspektivləri, o cümlədən humanitar, turizm, təhsil və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları üzrə fikir mübadiləsi aparıblar.