logo

Paytaxtda toyda iştirak edən 63 nəfər cərimələndi

11:11 03-04-2021 | icon 1799
Paytaxtda toyda iştirak edən 63 nəfər cərimələndi

Xətai rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə sanitariya-gigiyena və karantin rejim qaydalarının pozulması ilə müşahidə olunan toy mərasiminin keçirilməsi müəyyən edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki,rayon ərazisində yerləşən şadlıq evlərindən birində profilaktik tədbir keçirilən zaman polislər obyektin sahibi Əhməd Əmiraslanovun dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, insanların kütləvi şəkildə iştirakı ilə müşahidə edilən toy mərasimi təşkil etdiyi müəyyənləşdirilib. Polis əməkdaşları obyektin sahibi, xidməti personal, mərasimin təşkilatçıları və iştirakçıları barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görüblər.

Onlarla profilaktik söhbətlər aparılıb, xüsusi karantin rejimi qaydalarına əməl etməyin vacibliyi bir daha diqqətə çatdırılıb.

Ümumilikdə toyda iştirak edən 63 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilib. Toy sahibləri, mərasimin təşkilinə şərait yaradan şadlıq sarayının rəhbərliyi barəsində Xətai rayon Polis İdarəsinin 36-cı polis bölməsində araşdırmalar aparılır.