logo

"İnterpol"un axdardığı iki nəfər Azərbaycana ekstradisiya edilib

16:15 02-04-2021 | icon 1771
"İnterpol"un axdardığı iki nəfər Azərbaycana ekstradisiya edilib

Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən milli qanunvericiliyin və tərəfdar çıxdığımız beynəlxalq müqavilələrin, o cümlədən “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” Minsk Konvensiyasının tələblərinə əsasən Gürcüstan Respublikasının Baş Prokurorluğu ilə ikitərəfli münasibətlər çərçivəsində Azərbaycan Respublikasının ərazisində cinayət törətmiş şəxslərin cinayət məsuliyyətinə cəlb olunmasından ötrü ekstradisiya edilmələri barədə sorğular edilib.

Baş Prokurorluğun mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, Abşeron rayon Polis İdarəsinin istintaq şöbəsinin icraatında olan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Türkiyə Respublikasının vətəndaşı Avcı Əmrahın 2019-cu il dekabrın 31-də qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən Abşeron rayonunun Digah qəsəbəsində yerləşən Aytən Hüseynovaya məxsus fərdi yaşayış evindən ümumilikdə 547 min manat dəyərində xüsusilə külli miqdarda qızıl-zinət əşyalarını oğurlamasına, Daşkəsən rayon Polis Şöbəsinin istintaq bölməsində istintaqı aparılan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Hüseynli Elxan Saleh oğlunun 2016-cı il avqustun 3-də Daşkəsən rayonunun Xoşbulaq kəndində qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq etməklə Səbuhi Hətəmova qarşı quldurluq etməsinə əsaslı şübhələr müəyyənləşdirilib.

Qeyd edilən şəxslər barəsində beynəlxalq axtarış elan edilib.

Axtarışda olan şəxslərin yerlərinin müəyyən edilməsi əsası ilə Azərbaycan Respublikasının Baş Prokurorluğunun Gürcüstan Respublikasının Baş Prokurorluğuna etdiyi sorğular təmin edilməklə Elxan Hüseynli və Avcı Əmrah Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə ölkəmizə ekstradisiya ediliblər.