logo

Ermənilərin Şuşaya atdığı “İsgəndər” raketlərinin qalıqları nümayiş edilib

11:48 02-04-2021 | icon 280
Ermənilərin Şuşaya atdığı “İsgəndər” raketlərinin qalıqları nümayiş edilib

Vətən müharibəsi zamanı Ermənistanın Azərbaycana qarşı istifadə etdiyi “İsgəndər” raketlərinin qalıqları nümayiş edilib.

YeniAvropa xəbər verir ki, “İsgəndər” raketlərinin qalıqları aprelin 2-də Bakıda “Azərlandşaft” Açıq Səhmdar Cəmiyyətinin ərazisində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin nümayəndələri tərəfindən təqdim olunub.

Agentliyin operativ qərargahının rəisi İdris İsmayılov bildirib ki, Ermənistan silahlı qüvvələrinin atdıqları raketlərin qalıqları Şuşada iki müxtəlif ərazidə aparılan əməliyyat tədbirləri nəticəsində aşkar olunub. Diqqətə çatdırılıb ki, Agentlik tərəfindən bütün işğaldan azad olunmuş şəhər və rayonlarımızda əməliyyat axtarış işləri davam etdirilir. Dekabrdan etibarən Şuşa şəhərində də evlərdə, zirzəmilərdə və döyüş getmiş bütün ərazilərdə axtarış aparılıb və 100-dən çox partlamamış hərbi sursat aşkarlanıb.

Qeyd edilib ki, bu il martın 15-də isə xidməti vəzifələrini yerinə yetirən zaman agentliyin əməkdaşları iki müxtəlif ərazidən partlamış raket qalıqları aşkar edilib və dərhal bu barədə rəhbər şəxslərə məlumat verilib. Həmin raket qalıqlarının üzərində olan modifikasiya kodları yoxlanılıb və “İsgəndər” raketi olduğu məlum olub. Raketin uzunluğu 7 metr 23 santimetr, diametri isə 920 millimetrdir.

O deyib ki, raketin Şuşa şəhərində düşdüyü ərazidə hazırda da Agentliyin əməkdaşları tərəfindən araşdırmalar aparılır.