logo

Ceyhun Bayramov Düşənbədə Məhəmməd Cavad Zəriflə görüşüb

10:30 30-03-2021 | icon 1715
Ceyhun Bayramov Düşənbədə Məhəmməd Cavad Zəriflə görüşüb

Martın 30-da Tacikistanın paytaxtı Düşənbə şəhərində keçirilən “Asiyanın ürəyi - İstanbul prosesi” 9-cu Nazirlər Konfransı çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zəriflə görüşüb.

YeniAvropa xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib.

Qeyd edilib ki, nazirlər Azərbaycan və İran arasında mövcud olan ikitərəfli əməkdaşlıq münasibətlərinə dair məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Tərəflər Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının cari ildə keçirilmiş sonuncu iclasının nəticələrini yüksək qiymətləndiriblər.

Nazirlər, həmçinin regional təhlükəsizlik məsələləri, xüsusilə də 44 günlük Vətən müharibəsindən sonra bölgədə mövcud olan vəziyyət, imzalanmış üçtərəfli bəyanatların icrası ilə bağlı məsələləri müzakirə ediblər.

Azərbaycanın işğaldan azad olunmuş ərazilərində yenidənqurma və bərpa işləri ilə bağlı da fikri mübadiləsi aparılıb. Nazir Məhəmməd Cavad Zərif qeyd edib ki, İran şirkətləri azad olunmuş ərazilərin minalardan təmizlənməsi və yenidənqurma işlərində iştirak etməyə hazırdır.

Görüşdə tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.