logo

45 kq narkotikanı İrandan  Azərbaycana keçirmək istədilər

16:29 29-03-2021 | icon 1533
45 kq narkotikanı İrandan  Azərbaycana keçirmək istədilər

Son günlərdə Dövlət Sərhəd Xidmətinin(DSX) əməkdaşlarının sayıqlığı nəticəsində narkotik vasitələrə bənzər 45 kiloqram maddənin növbəti dəfə dövlət sərhədindən qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirilməsinin qarşısı alınıb.

 YeniAvropa xəbər verir ki, bu barədə DSX-dan bildirilib. Qeyd edilib ki,martın 27-də DSX-nin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Cəlilabad rayonunun Sərxanlı kəndinin yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadı tərəfindən sərhədboyu zolaqda iki nəfər naməlum şəxsin hərəkəti müşahidə olunub. Sərhəd naryadı tərəfindən onlara “Dayan” komandası verilsə də, sərhəd pozucuları əmrə tabe olmayaraq hadisə yerindən qaçıblar.

Sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılıb, xidməti ərazi qapadılıb, sərhəd naryadı tərəfindən qaçaqmalçıların təqibi və hadisə yerinin axtarışı həyata keçirilib.

Əraziyə baxış zamanı üç bağlama içərisində narkotik vasitəyə (8700 qram heroinə, 3185 qram metamfetaminə, 80 qram marixuanaya, 4030 ədəd “Metadon-40” həbinə) bənzər 11 min 965 qram maddələr və 10 ampula “Maydrax” adlı dərman preparatları aşkarlanaraq götürülüb.

Martın 28-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Beyləqan rayonunun Aşağı Çəmənli kəndinin yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadı tərəfindən şübhəli şəxs qismində saxlanılmış 1983-cü il təvəllüdlü Bakı şəhər sakini Məmmədov Ramin Yavuz oğlunun əlindəki bağlamaya baxış zamanı içərisində 15 min 890 qram tiryəkə, 4915 qram həşiş qatranına, 4500 qram metamfetaminə, 4480 qram heroinə, 2610 qram marixuanaya və 300 ədəd “Metadon-40” həbinə oxşar maddələr aşkarlanaraq götürülüb. 

Bu ayın 29-da DSX-nin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində Astara rayonunun Astara şəhərinin yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə hərəkət edən naməlum şəxsin dövlət sərhədini pozması sərhəd naryadı tərəfindən müşahidə edilib. Sərhəd naryadının “dayan” əmrinə tabe olmayan sərhəd pozucusu əlindəki əşyanı əraziyə ataraq havanın qaranlıq, ərazinin isə sıx kolluq olmasından istifadə edərək geriyə qaçıb. Həmin ərazi dərhal qapadılaraq axtarış tədbirləri keçirilib, nəticədə bir ədəd bağlama içərisində 2420 ədəd “Metadon-40” həbi aşkarlanıb.

Bütün faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.