logo

Aprelin 14-də Ramazan ayı başlayır

12:10 29-03-2021 | icon 3192
Aprelin 14-də Ramazan ayı başlayır

Azərbaycanda Ramazan ayının başlama tarixi məlum olub.

YeniAvropa xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsindən bildirilib. Qeyd edilib ki, bu il  ölkə ərazisində Ramazan ayının 1-i miladi təqvimlə aprelin 14-nə təsadüf edəcək.

Ramazan ayının hilalı Azərbaycan üfiqində 13 aprel 2021-ci ildə görünəcək. Beləliklə, niyyət gecəsi aprelin 13-dən 14-nə keçən gecəyə düşür, Ramazan ayının ilk günü aprelin 14-dür. Mayın 13 və 14-ü isə Azərbaycanda Ramazan bayramı qeyd ediləcək. 

Qeyd edək ki,  Ramazan ayında insanlar oruc tutmalı, xəstə və ya səfərdə olanlar isə tutmadığı günlərin sayı qədər başqa günlərdə tutmalıdırlar. Xəstə olan, habelə zəifləyərək xəstəliyə düçar olma ehtimalı olan insanların oruclarını başqa vaxtda tutmaları məqsədəuyğundur. Bu şəxslər sağaldıqdan sonra, sağlam halda gələn Ramazana kimi öz orucluq ibadətlərini tamamlaya bilərlər.

Bu ay ərzində xeyriyyə əməlləri, ehtiyacı olanlara, kimsəsiz insanlara, uşaq evlərinə, ahıl və qocalara imkan daxilində kömək etmək Allah nəzərində bəyənilən əməllərdəndir. Bu ayda ən böyük savab – daha çox ibadət etmək, Quran tilavəti, valideynlərin qayğısına qalmaq, dünyasını dəyişənlərin ruhlarını yad etmək, elm, irfanla məşğul olmaqdır.

Orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günüdür. Adambaşına 5-10 manat arası fitrə zəkatının verilməsi məsləhət görülür. Fitrə canın sədəqəsidir və hər bir imkanı olan müsəlmanın ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarması, imkansızlara, ehtiyacı olan ailələrə verilməsi vacibdir.

Xatırladaq ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən mayın 13-14-ü Ramazan bayramı ilə əlaqədar ölkədə qeyri-iş günləridir.