logo

Əli Nağıyev Gəncədə açılış etdi

18:17 28-03-2021 | icon 1694
Əli Nağıyev Gəncədə açılış etdi

Azərbaycan Respublikasının təhlükəsizlik orqanlarının yaranmasının 102 illiyi və peşə bayramı ərəfəsində Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Gəncə şəhər idarəsinin (Şİ) yeni inzibati binasının təntənəli açılışı olub.

YeniAvropa xəbər verir ki, bu barədə DTX-nin saytı məlumat yayıb. Tədbirdə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev, DTX-nin kollegiya üzvləri, İdarənin şəxsi heyəti və Gəncə Şəhər İcra Hakimiyyətinin (RİH) başçısı Niyazi Bayramov, şəhərin hüquq mühafizə orqanlarının rəhbərləri iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin Gəncə şəhərinin baş meydanında ucaldılan abidəsinin önünə gül dəstələri düzüb, əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Sonra DTX-nın Gəncə Şİ-nin müasir üslubda və tələblərə uyğun inşa edilən yeni inzibati və yaşayış binalarından, eləcə də təsərrüfat təyinatlı tikililərdən ibarət kompleksin açılış mərasimi keçirilib. 

DTX-nin kollegiya üzvlərinin, Gəncə Şİ-nin və digər ərazi orqanlarının rəhbərlərinin iştirakı ilə keçirilmiş xidməti müşavirədə çıxış edən Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev  çıxış edib. 

Xidməti müşavirədə DTX Gəncə Şİ-nin və ətraf rayon şöbələrinin şəxsi heyəti qarşısında konkret vəzifələr qoyulmuş, tələb və tövsiyələr çatdırılmışdır. Sonra xidmətdə fərqlənən əməkdaşların mükafatlandırılması barədə Dövlət Təhlükəsizliyi Xidməti rəisinin əmri elan olunmuş və həmin hərbi qulluqçulara təltiflər təqdim edilib.

Sonda general-polkovnik Əli Nağıyev Gəncə Şİ-nin əməkdaşlarını bir daha təbrik edərək, onlara xidməti fəaliyyətlərində uğurlar arzulayıb.