logo

Cüdoçumuz Tbilisi “Böyük dəbilqə”sində bürünc medal üçün yarışacaq

15:55 26-03-2021 | icon 2065
Cüdoçumuz Tbilisi “Böyük dəbilqə”sində bürünc medal üçün yarışacaq

Gürcüstanın paytaxtı Tbilisidə start götürən “Böyük dəbilqə” turnirində Azərbaycan cüdoçusu Kəramət Hüseynov bürünc medal uğrunda mübarizə aparacaq.

YeniAvropa xəbər verir ki, kişilər arasında 60 kiloqram çəki dərəcəsində yarışan Kəramət Hüseynov onaltıdabir finalda Rodriqo Lopesi (Portuqaliya), səkkizdəbir finalda Ramazan Abdullayevi (Rusiya) mübarizədən kənarlaşdırsa da, dörddəbir finalda Tornine Tsjakadoea ilə qarşılaşmada məğlub olub. Təsəlliverici görüşdə Monqolustan təmsilçisi Ariunbold Enkhtayvana qalib gələn idmançımız bürünc medal uğrunda mübarizə aparmaq hüququ qazanıb. K.Hüseynov üçüncü yer uğrunda görüşdə rusiyalı Konstantin Simeonidislə qarşılaşacaq.

Onunla eyni çəkidə mübarizə aparan cüdoçuumuz Oruc Vəlizadə ilk qarşılaşmada Oleq Veredıbaya (Ukrayna) məğlub olub. Digər kişi cüdoçumuz Yaşar Nəcəfov (66 kq) da turnirdə mübarizəni dayandırıb. O, ilk qarşılaşmada Orlando Polankoya (Kuba) uduzub.

Qadınların mübarizəsində 48 kiloqram çəki dərəcəsində yarışan Aişə Qurbanlı ilk qarşılaşmada slovakiyalı Marusa Stanqarın öhdəsindən gələ bilməyib. Onunla eyni çəkidə mübarizə aparan Leyla Əliyeva isə türkiyəli Gülkader Şentürkü məğlub etsə də, növbəti rəqibi Katarina Kostaya (Portuqaliya) uduzub. Əlli iki kiloqram çəki dərəcəsində yarışan qadın cüdoçularımızın çıxışları da uğurlu alınmayıb. Belə ki, ilk görüşlərdə Gültac Məmmədəliyeva Anjelika Delqado (ABŞ), Şəfəq Məmmədova Yasmin Cavadyana (Böyük Britaniya) məğlub olublar.

Martın 28-dək davam edəcək turnirdə Azərbaycan ümumilikdə 11 cüdoçu ilə təmsil olunur.