logo

Yaponiyada Tokio Yay Olimpiadasının məşəl estafetinə start verilib

13:09 25-03-2021 | icon 280
Yaponiyada Tokio Yay Olimpiadasının məşəl estafetinə start verilib

Martın 25-də birillik fasilədən sonra Olimpiya məşəli Yaponiyada öz səyahətinə başlayıb. Olimpiya Oyunlarının məşəl estafeti koronavirus pandemiyasına görə təhlükəsizlik tədbirlərinin gücləndirildiyi 47 prefekturanın ərazisindən keçəcək.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, estafet Fukuşima prefekturasının Naraha şəhərində yerləşən “J-Village” futbol məşq mərkəzində start götürüb. Bu obyekt “Fukusima-1” AES-də qəzadan sonra dezinfeksiya işləri üzrə baza rolunu oynayıb.

Hakimiyyət orqanları həmin yeri böyük zərər vurmuş güclü zəlzələ, sunami və atom qəzasından sonra həyatın bərpasının rəmzi kimi seçib. Ümumilikdə estafetdə 10 minədək qaçışçının iştirak edəcəyi gözlənilir.

Pandemiya ilə əlaqədar təhlükəsizliyi təmin etmək üçün hakimiyyət orqanları yerli əhalini estafetin hərəkət xətti boyunca sıxlıq yaratmamağa, qaçışçıları qışqırıqlar və alqışlarla qarşılamamağa çağırıblar. Bununla yanaşı, tamaşaçıların mütləq maska geymələri və öz prefekturalarının ərazilərini tərk etməmələri də xahiş edilib.

Hər bir qaçışçı məşəli marşrutun 200 metrlik parçasında iki dəqiqə ərzində daşıyacaq.

Mərasimdə çıxış edən məktəblilər xoru “Hana wa saku” (“Çiçəklər açanda”) mahnısını ifa ediblər. Həmin mahnı NHK telekanalının köməyi ilə 2011-ci ildə zəlzələ və sunamidən zərər çəkən rayonlara xeyriyyə marafonu çərçivəsində yazılıb.

Qeyd edilir ki, 121 gün davam edəcək estafet ölkənin 47 prefekturasının 859 bələdiyyəsinin ərazisindən keçəcək.

Xatırladaq ki, Tokio Olimpiadası 2020-ci il iyulun 24-dən avqustun 9-dək keçirilməli idi. Lakin koronavirus pandemiyasına görə, yarışların vaxtı bir il sonraya dəyişdirilib və onun iyulun 23-dən avqustun 8-dək təşkili gözlənilir.

Estafet iyulun 23-də məşəlin Tokio Milli Stadionunda Olimpiadanın açılış mərasiminə çatdırılması ilə başa çatacaq.