logo

Qazaxıstan Xəzər dənizindəki ərazi sularını 15 milədək genişləndirib

09:53 24-02-2021 | icon 2394
Qazaxıstan Xəzər dənizindəki ərazi sularını 15 milədək genişləndirib

Xəzər dənizində Qazaxıstanın ərazi sularının genişləndirilməsinə dair dəyişikliklər edilib.

YeniAvropa xəbər verir ki, bu barədə Akorda məlumat yayıb. Bildirilib ki, fevralın 23-də Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev bununla bağlı sənəd imzalayıb.

“Xəzər dənizində fəaliyyətin həyata keçirilməsi ilə bağlı məsələlər üzrə Qazaxıstan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” qanun ərazi sularının genişliyini 12-dən 15 milə qədər artırır.

Bundan əlavə, yeni düzəlişlər sözügedən akvatoriyada elmi tədqiqatların aparılması və su bioloji ehtiyatları üçün balıq ovu prosedurunu müəyyənləşdirən “balıqçılıq zonası rejimi”ni əhatə edir.

Xatırladaq ki, 2010-cu il noyabrın 18-də Bakıda keçirilmiş Xəzəryanı dövlətlərin üçüncü Zirvə toplantısında əldə olunan razılaşmaya əsasən "Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya"da Xəzər dənizinin akvatoriyasında sahilyanı dövlətlər üçün ərazi sularının 15 millik məsafədəsi müəyyən edilsə də, bu , balıqçılıq fəaliyyəti üçün yalnız 10 millik məsafəni nəzərdə tuturdu. 

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin ötən gün imzaladığı qanun isə  ölkənin balıq ovu səlahiyyətlərini daha 5 mil (1 mil=1,6 km) məsafədə artırmış oldu. Konvensiyanı imzalayan digər Xəzəryanı ölkələrin (Rusiya, Azərbaycan, İran və Türkmənistan) Qazaxıstanın bu addımına hansı reaksiya verəcəyi yaxın günlərdə bəlli olacaq.