logo

Güləşçilərimiz Avropa Olimpiya təsnifat turnirinə Mahaçqalada hazırlaşırlar

10:09 22-02-2021 | icon 2177
Güləşçilərimiz Avropa Olimpiya təsnifat turnirinə Mahaçqalada hazırlaşırlar

Martın 18-dən 21-dək Macarıstanın paytaxtı Budapeştdə təşkil olunacaq Avropa Olimpiya təsnifat turniri keçiriləcək.

YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasından bildirilib. Qeyd edilib ki, turnirə hazırlıq məqsədilə sərbəst güləş üzrə yığmamız Mahaçqalaya təlim-məşq toplanışına yollanıblar.

Fevralın 25-dək davam edəcək toplanış güləşçilərimiz Dağıstan komandası ilə birgə məşqlər edəcək,  həm fiziki, həm də taktiki-texniki hazırlığın yüksəldilməsi üzərində çalışacaqlar.

Təlim-məşq toplanışında baş məşqçi Namiq Abdullayev və böyük məşqçi Zəlimxan Hüseynovun rəhbərliyi altında Əfqan Xaşalov, Georgi Edişeraşvili, İslam Bazarqanov (hamısı 57 kq), Əhmədnəbi Qvarzatilov (61 kq), Əli Rəhimzadə, Turan Bayramov (hər ikisi 65 kq), Hacımurad Hacıyev (74 kq), Abubakr Abakarov (86 kq), Osman Nurməhəmmədov (92 kq), Şərif Şərifov (97 kq) və Camaləddin Məhəmmədov (125 kq) iştirak edirlər. Yığma komandanın digər üzvləri isə məşqçi Arif Abdullayevin rəhbərliyi altında Bakıda məşqləri davam etdirirlər.

Qeyd edək ki, sərbəst güləşçilərimizin bir qismi fevralın 26-dan 28-dək Kiyevdə keçiriləcək Ukraynanın məşhur güləşçilərinin və məşqçilərinin xatirə turnirində iştirak edəcək. Bu yarışdan sonra isə Avropa Olimpiya təsnifat turnirinə son hazırlıq prosesi martın 1-dən 14-dək Bakıda – Olimpiya Güləş Mərkəzində baş tutacaq.