logo

108 yaşlı Növrəstə nənə COVID-19 əleyhinə peyvənd olunub

19:20 19-02-2021 | icon 1778
108 yaşlı Növrəstə nənə COVID-19 əleyhinə peyvənd olunub

Yevlax rayonunun 108 yaşlı sakini COVID-19 əleyhinə peyvənd olunub.

YeniAvropa xəbər verir ki, rayonun Qoyunbinəsi kənd sakini, 1913-cü il təvəllüdlü Növrəstə Məmişova Yevlax şəhər Ailə Sağlamlıq Mərkəzində peyvənd edilib. N.Məmişova peyvənd olunduqdan sonra özünü yaxşı hiss etdiyini bildirib.

Qeyd edək ki, Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq vaksinasiyanın birinci mərhələsində tibb işçiləri və 65 yaşdan yuxarı vətəndaşlar peyvənd olunurlar. Artıq yaşı 50-dən yuxarı olan vətəndaşların da peyvəndlənməsinə başlanılıb.

Fevralın 5-dən növbəliliyin təmin edilməsi məqsədilə elektron müraciətlər üçün xidmət növü fəaliyyətə başlayıb. Bu istiqamətdə əhalinin maarifləndirilməsi məqsədilə şəhər icra hakimiyyətinin internet səhifəsində məlumat yerləşdirilib, idarə, müəssisə və təşkilatlara əhalinin vaksinasiya tədbirlərində fəal iştirak etməsilə əlaqədar metodiki xarakterli təlimatlar verilib.