logo

“Azərsu”nun idarə rəisi vəzifəli şəxs qismində cərimə olunub

18:49 19-02-2021 | icon 1680
“Azərsu”nun idarə rəisi vəzifəli şəxs qismində cərimə olunub

Sabunçu rayonu Pirşağı qəsəbəsi ərazisindəki çirkab suların boru vasitəsilə Xəzər dənizinə axıdılması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırma aparılıb.

YeniAvropa xəbər verir ki, bu barədə xidmətin rəisi Hikmət Əlizadə məlumat verib.

Onun sözlərinə görə, araşdırma zamanı Zabrat, Məhəmmədi və Kürdəxanı qəsəbələri ərazisindəki fərdi yaşayış evlərinin çoxunda şambo quyularının olmaması səbəbindən evlərdə formalaşan çirkab suların mərkəzi kanalizasiya şəbəkəsinə birləşmədiyi, birbaşa Zabrat gölünə və oradan da Pirşağı qəsəbəsi ərazisindəki boru vasitəsilə Xəzər dənizinə axıdıldığı müəyyən olunub: "Mütəxəssislər boru xəttindən axan sudan nümunələr götürərək bioloji, kimyəvi analizlər aparıb və suda ammonium ionlarının 2,2, sintetik səthi aktiv maddələrin isə 2,6 dəfə normadan artıq olduğu müəyyən olunub. Suyun tərkibində istehsalat mənşəli çirkləndiricilər aşkar edilməyib”.

H.Əlizadə qeyd edib ki, bununla bağlı dəfələrlə müvafiq qurumlara və “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə edilən xəbərdarlıqlara baxmayaraq, işlər sürətlənməyib və heç bir dəyişiklik olmayıb. Faktla bağlı akt, protokol tərtib edilib və “Azərsu” ASC-nin Bağlar su-kanal idarəsinin rəisi Fərmayil Vəliyev vəzifəli şəxs qismində 4 min manat məbləğində cərimələnib.

H.Əlizadə bildirib ki, Pirşağı qəsəbəsində formalaşan tullantı sularının dənizə axıdılmasının qarşısını almaq məqsədilə qəsəbə yaxınlığında inşa edilən gücü 60 min kubmetr/sutka olan Pirşağı Çirkab Sutəmizləyici qurğularına yönəldilməsi üçün “Azərsu” ASC-yə məktub ünvanlanıb.