logo

Azərbaycan iqlim dəyişikliklərinə qarşı mübarizədə hədəflərini açıqlayıb

18:08 19-02-2021 | icon 1918
Azərbaycan iqlim dəyişikliklərinə qarşı mübarizədə hədəflərini açıqlayıb

Azərbaycan qlobal iqlim dəyişikliklərinin təsirlərinin yumşaldılması təşəbbüsünə töhfə olaraq 2030-cu ilədək istilik effekti yaradan qazların emissiyasının səviyyəsinin 35 faiz azaldılmasını qarşıya hədəf qoyub.

YeniAvropa xəbər verir ki, bu sözləri  Azərbaycanın baş naziri Əli Əsədov Ankarada keçirilən 1-ci Türk Dünyası Meteorologiya Forumundakı çıxışında bildirib.

Baş nazir qeyd edib ki,  Paris Sazişinin həyata keçirilməsi dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün mühüm əhəmiyyət kəsb edir və emissiyaların azaldılmasına imkan verə biləcək yol xəritəsi funksiyasını daşıyır.

Ötən il noyabrın 11-də qardaş Türkiyənin təşəbbüsü ilə “Gələcəyə nəfəs ol” beynəlxalq kampaniyası çərçivəsində ölkəmizdə də keçirilən ağacəkmə aksiyasını xatırladan Əli Əsədov deyib: “Kampaniya çərçivəsində aksiyalarımızı davam etdiririk və inanırıq ki, bu tədbirlər iqlim dəyişikliklərinə qarşı mübarizədə böyük rol oynayacaq. Bugünkü tədbir sərhəd tanımayan meteorologiya məsələlərinə həsr olunub. Hesab edirəm ki, bu sahədə məlumat və təcrübə mübadiləsi türkdilli ölkələr arasında əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsinə geniş imkanlar yaradacaq”.

Azərbaycanın baş naziri daha sonra deyib ki, COVID-19 pandemiyası səbəbindən sərhədlərin bağlandığı bir vaxtda türkdilli dövlətlərin belə bir mühüm forum çərçivəsində bir araya gəlməsi rəmzi xarakter daşıyır : "Forum iştirakçısı olan türkdilli ölkələrlə müxtəlif sahələr üzrə səmərəli əməkdaşlığımız davam etdirilir. Məhz belə qarşılıqlı əməkdaşlıq əlaqələri regionda geosiyasi mənzərənin müsbət dəyişikliklərə gətirib çıxarmasına səbəb olub".