logo

Əli Əsədov Mustafa Şəntopla görüşdü

22:07 18-02-2021 | icon 1848
Əli Əsədov Mustafa Şəntopla görüşdü

Fevralın 18-də Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop Ankarada Azərbaycanın baş naziri Əli Əsədovu qəbul edib.

 YeniAvropa xəbər verir ki, görüşdə Türkiyə parlamentinin sədri Mustafa Şəntop  Azərbaycanın 44 günlük Vətən müharibəsindəki şanlı Zəfərinin Türkiyədə böyük qürur və coşqu ilə qarşılandığını bildirib. Qeyd edib ki,Türkiyə Azərbaycan prezidenti İlham Əliyevin Vətən müharibəsindən sonra irəli sürdüyü yeni regional əməkdaşlıq təşəbbüsünü dəstəkləyir.

Mustafa Şəntop vurğulayıb ki, yeni nəqliyyat dəhlizlərinin, Qars-İğdır-Naxçıvan dəmir yolu layihəsinin reallaşdırılması və gələcəkdə atılacaq digər addımlar muxtar respublikanın strateji önəmini daha da artıracaq.
 
Azərbaycanın baş naziri Əli Əsədov Türkiyənin 44 günlük Vətən müharibəsinin ilk anlarından ölkəmizin yanında olmasını minnətdarlıq hissi ilə qeyd edib. Baş nazir bildirib ki, işğaldan azad edilən torpaqlarda bərpa işləri başlayıb, bu bölgə dünyanın ən gözəl guşələrindən birinə çevriləcək və Türkiyə şirkətləri bu prosesdə ön sıralardadır.
 
Əli Əsədov, həmçinin Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin uğurla fəaliyyət göstərdiyini bildirib. Baş nazir vurğulayıb ki, dövlətlərimizin başçıları iki ölkə arasındakı ticarət həcminin 2023-ildə 15 milyard dollara çatdırılmasını strateji hədəf kimi müəyyənləşdiriblər. Azərbaycan və Türkiyə hökumətləri, özəl sektorun nümayəndələri bu hədəfin reallığa çevrilməsi üçün mövcud potensialdan istifadə etməlidirlər.