logo

Vaksinlərin bölgüsündə korrupsiya hallarına son qoyulsun!

17:48 18-02-2021 | icon 1967
Vaksinlərin bölgüsündə korrupsiya hallarına son qoyulsun!

Dünya ölkələrinin hökumətləri pandemiyanın nəticələrini yumşaltmaq məqsədilə öz vətəndaşlarına və biznesə dəstək üçün trilyonlarla dollar məbləğində vəsait ayırıb. İndi həmin vəsaitin korrupsionerlərin ciblərinə axmaması üçün tədbirlər görülməsi çox vacibdir.

 YeniAvropa xəbər verir ki, bu fikirləri BMT Baş Assambleyasının 75-ci sessiyasının sədri Volkan Bozkır Beynəlxalq Parlamentlərarası İttifaqın korrupsiyaya qarşı mübarizə məsələlərinə həsr edilmiş iclasında səsləndirib. 

Baş Assambleyanın sədri deyib: “Bu əlavə vəsait bərpa işlərinin sürətləndirilməsi üçün nəzərdə tutulub, lakin onların paylaşdırılmasında risklər yaranır. Vəsait axınlarının şəffaflığı və onlara nəzarət lazımi səviyyədə deyil, çünki onlar pandemiya nəticəsində yaranmış təxirəsalınmaz ehtiyacların tezliklə təmin edilməsi üçün nəzərdə tutulub. Təbii ki, fövqəladə şəraitdə hökumətlərin bu vəsaitə nəzarət etmələri üçün həmişə vaxt olmur”.

Volkan Bozkır vurğulayıb ki, həm pandemiyanın, həm də korrupsiyanın nəticələri əhalinin ən həssas təbəqələrinə - sosial müdafiədən və dövlət xidmətlərindən asılı olan insanlara daha çox təsir göstərir.

Bozkır sayıqlığı itirməməyə, vaksinlərin bölgüsündə korrupsiya hallarının qarşısını almağa və ən başlıcası, onların saxtalaşdırılmasına yol verməməyə çağırıb.

Baş Assambleyanın 75-ci sessiyasının sədri bildirib ki, BMT Baş Assambleyası bu il iyun ayında korrupsiyaya qarşı mübarizə məsələlərinə həsr edilmiş xüsusi sessiya keçirəcək. O, BMT-nin korrupsiya əleyhinə Konvensiyasına əməl etməyin vacibliyini xatırladıb.