logo

İlham Əliyev qanunu təsdiqlədi: Türkiyəyə şəxsiyyət vəsiqəsi ilə 90 günlük səfər rejimi qüvvəyə mindi

14:09 18-02-2021 | icon 1890
İlham Əliyev qanunu təsdiqlədi: Türkiyəyə şəxsiyyət vəsiqəsi ilə 90 günlük səfər rejimi qüvvəyə mindi

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında 25 fevral 2020-ci il tarixində Bakı şəhərində imzalanmış Sazişə dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında 1 saylı Protokol”un təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. 

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Xatırladaq ki, ötən il dekabrın 10-da Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azadetmə haqqında 25 fevral 2020-ci il tarixində Bakı şəhərində imzalanmış Sazişə dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında 1 saylı Protokol imzalanıb. Protokolu hər iki ölkənin xarici işlər nazirləri imzalayıb.

Sazişə əsasən, iki ölkənin ümumvətəndaş pasportlarına malik vətəndaşları vizasız səfər edə və ölkə ərazisində 90 gün vizasız qala bilərdi. Sazişə əlavə olaraq imzalanmış Protokol qüvvəyə mindikdən sonra iki ölkə vətəndaşları artıq şəxsiyyət vəsiqəsi və digər sərhədkeçmə sənədləri ilə vizasız səfər edə və 90 gün vizasız qala biləcəklər.

Bu qayda yalnız Türkiyə ilə Azərbaycan arasında birbaşa səfər edən iki ölkə vətəndaşlarına münasibətdə tətbiq olunacaq. Türkiyə və Azərbaycan ərazisi vasitəsilə üçüncü ölkələrə səfər etmək istəyən vətəndaşlarımız pasportdan istifadə etməlidir.