Azərbaycan XV beynəlxalq müdafiə sənayesində (IDEF-2021) iştirak edəcək.
YeniAvropa xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Bildirilib ki, builki tədbir 25-28 may tarixlərində İstanbulda baş tutacaq . 4 gün davam edəcək sərgidə dünyanın 148 ölkəsindən 341 nümayəndə heyətinin iştirak edəcəyi gözlənilir.
Sərginin Türkiyə Milli Müdafiə Nazirliyinin rəhbərliyi altında keçiriləcəyi bildirilir.
Xatırladaq ki, XIV beynəlxalq müdafiə sənayesi sərgisi(IDEF-2019) 30 aprel-3 may tarixlərində İstanbulda keçirilib. Sərginin açılış mərasimində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edib.
Sərgidə Azərbaycan milli pavilyonla təmsil olunub. Müdafiə Sənayesi Nazirliyinin nümayiş etdirdiyi məhsullar - snayper tüfəngləri, avtomatlar, hücum pulemyotları, qumbaraatanlar, minaatanlar, pirotexniki vasitələr, optik sistemlər, döyüş maşınları, pilotsuz uçuş aparatları, müxtəlif çaplı döyüş sursatları və digər hərbi təyinatlı digər məmulatlar ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb.
Tədbirdə Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov və digər güc qurumlarının nümayəndələri ziyarətçi qismində iştirak ediblər.