logo

Paytaxt sakinindən 3 kq-dan çox heroin götürüldü

16:29 17-02-2021 | icon 1764
Paytaxt sakinindən 3 kq-dan çox heroin götürüldü

Yasamal rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı narkotik vasitələrin alışı və satışı ilə məşğul olmaqda şübhəli bilinən vətəndaş Vüsal Həşimov saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, axtarış zamanı ondan 3 kiloqram 15 qram heroin aşkarlanıb.

Araşdırma zamanı müəyyənləşdirilib ki, Vüsal Həşimov şəxsiyyəti istintaqa məlum olmayan tanışlarından biri ilə əlaqə yaradaraq narkotik vasitələrin Bakıya gətirilməsinə kömək edib. Saxlanılan şəxsin həmin tanışının tapşırığı ilə narkotik maddələri paytaxtın müxtəlif yerlərinə qoymaqla ayrı-ayrı şəxslərə çatdırılmasını təşkil etməyi planlaşdırdığı məlum olub. V.Həşimov ifadəsində narkotik vasitələri satmaq məqsədilə əldə etdiyini bildirib.

Faktla bağlı onun barəsində Yasamal rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. V.Həşimov tutularaq istintaqa cəlb olunub. Aşkarlanan külli miqdarda narkotik vasitənin mənbəyinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Rayon polis idarəsinin 26-cı polis bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində isə paytaxt ərazisində nəqliyyat vasitələrinin yan güzgülərini oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Rövşən Süleymanov və Şahmar Əlicanov saxlanılıblar. Araşdırma zamanı onların əsasən “Mercedes” markalı avtomobillərin yan güzgülərini oğurlayaraq dəyər-dəyməzinə satdıqları məlum olub. R.Süleymanov və Ş.Əlicanov ifadələrində paytaxtın Yasamal rayonu ilə yanaşı, digər ərazilərində də oxşar oğurluqlar törətdiklərini bildiriblər.

Faktla bağlı saxlanılan şəxslər barəsində 26-cı polis bölməsində toplanan materiallar Yasamal Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib. Zəruri istintaq tədbirləri davam etdirilir. Saxlanılan şəxslərin əməllərindən zərərçəkən başqa vətəndaşlar olarsa, bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə DİN-in 102 - Zəng Mərkəzinə məlumat verə bilərlər.