logo

İlham Əliyev “Elektron su təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”ni təsdiqləyib

17:49 13-02-2021 | icon 1932
İlham Əliyev “Elektron su təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”ni təsdiqləyib

Prezident İlham Əliyev fevralın 13-də “Elektron su təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə fərman imzalayıb.

 YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Fərmana əsasən, “Elektron su təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə” təsdiq edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə “Elektron su təsərrüfatı” informasiya sisteminin (ESTİS) fəaliyyətinin təşkili, saxlanılması və ondan səmərəli istifadənin təmin edilməsi üçün zəruri tədbirlər görmək tapşırılıb.

Həmçinin Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanına uyğun olaraq, ESTİS-in aidiyyəti dövlət informasiya ehtiyatları və sistemləri ilə əlaqələndirilməsini Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə təmin etməlidir.

Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar nazirliklərinə, Meliorasiya və Su Təsərrüfatı, “Azərsu” və “Azərenerji” Açıq Səhmdar cəmiyyətlərinə tapşırılıb ki, ESTİS haqqında Əsasnamənin 6.1-ci bəndində nəzərdə tutulmuş məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə olunması məqsədilə həmin məlumatların ESTİS-ə daxil olunmasını mütəmadi təmin etsinlər.

Qeyd edək ki, ESTİS Azərbaycan Respublikasının illik su təsərrüfatı balansının elektronlaşdırılmasını, ölkənin əsas su və su təsərrüfatı obyektlərində su ehtiyatlarının qiymətləndirilməsinə, subartezian və artezian quyularının istismarına elektron qaydada, o cümlədən real vaxt rejimində nəzarətin həyata keçirilməsini, eləcə də su ehtiyatlarından istifadədə səmərəliliyin artırılması, uçotun və idarəetmənin təkmilləşdirilməsi, habelə bu sahədə operativ əlaqələndirmənin təmin edilməsi məqsədilə məlumatların yaradılması, toplanılması, işlənilməsi, saxlanılması və axtarışı işlərinin avtomatlaşdırılmasını təmin edir.