logo

Türkmənistan prezidenti 39 yaşlı yeganə oğlunu baş nazirin müavini etdi

18:30 12-02-2021 | icon 2394
Türkmənistan prezidenti 39 yaşlı yeganə oğlunu baş nazirin müavini etdi

Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov  39 yaşlı yeganə oğlu Sərdar Berdiməhəmmədovu baş nazirin müavini təyin edib.

YeniAvropa xəbər verir ki, bu barədə "Turkmenportal" məlumat yayıb. Bildirilib ki, Sərdar Berdiməhəmmədov eyni zamanda , Türkmənistan Ali Nəzarət Palatasının sədri, Dövlət Təhlükəsizlik Şurasının üzvü təyin olunub.

Prezident oğlunu bu posta gətirmək üçün baş nazirin müavini vəzifələrinin sayını artırmalı olub. 

Prezident  bu addımını " Nazirlər Kabinetinin  və Dövlət Təhlükəsizlik Şurasının gələcək fəaliyyətinin təkmilləşdirilməsi, həmçinin, dövlət mülkiyyəti üzərində nəzarətin gücləndirilməsi, eləcə də maliyyə vəsaitlərinin qənaətlə xərclənilməsi  məqsədilə atıldığı" ilə əsaslandırıb. 

Prezidentin oğlu dövlət idarəetmə sistemində rəqəmsallaşdırma, innovativ texnologiyaların tətbiqi, maliyyə, iqtisadi sektor və sosial sahələrə məsul olacaq.

Xatırladaq ki, ötən il prezident Qurbanqulu Berdiməhəmmədov oğlunu yeni yaradılan Sənaye və Tikinti Nazirliyinə rəhbər təyin etmişdi. Bundan əvvəl isə 38 yaşlı Sərdar Berdiməhəmmədov 1 il müddətində Türkmənistanın Axal vilayətinin başısı olmuşdu. 

Portalın yazdığına görə, dövlət büdcəsinin gəlirlərinin azalmasına rəğmən  prezident vilayət mərkəzinin abadlaşdırılmasına 1,5 milyard dollar vəsait də  ayırmışdı. 

Sərdar Berdiməhəmmədov karyerası ərzində, həmçinin, xarici işlər nazirinin müavini, parlamentin hüquq komitəsinin sədri vəzifələrində də çalışıb.

Ekspertlərin qənaətinə görə, prezident Qurbanqulu Berdiməhəmmədov oğlunu varisi elan etməyə hazırlaşır.