logo

İranla Rusiya Azərbaycandan keçən dəmir yolunu müzakirə ediblər

14:29 12-02-2021 | icon 2345
İranla Rusiya Azərbaycandan keçən dəmir yolunu müzakirə ediblər

İranın Dövlət Dəmir Yolları idarəsinin rəisi Səid Rəsuli ilə Rusiya Dəmir Yolları Açıq Səhmdar Cəmiyyətinin rəhbəri Oleq Belozerov arasında görüş keçirilib.

YeniAvropa xəbər verir ki, bu barədə İranın "İRNA" agentliyi məlumat yayıb. Görüşdə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin formalaşması istiqamətində həyata keçirilən işlər müzakirə edilib. Tərəflər bu beynəlxalq dəhlizin əsas seqmenti olan dəmir yollarının fəaliyyətini nəzərdə keçirib, yükdaşımaların artırılması haqqında razılıq əldə ediblər. Görüşdə qeyd olunub ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi İran, Azərbaycan və Rusiya üçün olduqca əhəmiyyətli xarakter daşıyır və regionun iqtisadi inkişafında mühüm rol oynayacaq.

Qeyd edək ki, bu beynəlxalq dəhliz çərçivəsində fəaliyyət göstərəcək dəmir yolu Azərbaycan ərazisindən keçərək yüklərin tranzit olaraq Rusiya və Avropaya daşıyacaq. Layihəyə əsasən, yüklər Cənub-Şərqi Asiya ölkələrindən İranın Çabahar, körfəz ölkələrindən isə Bəndər Abass limanına daxil olacaq. Buradan isə Qəzvin-Rəşt-Astara dəmir yolu ilə Rusiya və Avropaya daşınacaq. Bu marşrutun Qəzvin-Rəşt hissəsi artıq istismara verilib. Rəşt-Astara hissəsində isə inşaat işləri davam edir. Dəmir yolunun bu hissəsi də tikilib başa çatdıqdan sonra yüklər Qəzvin-Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmir yolu vasitəsilə daşınacaq.