logo

Tokio Olimpiadası təşkilat komitəsinin sədri istefa verib

10:50 12-02-2021 | icon 3080
Tokio Olimpiadası təşkilat komitəsinin sədri istefa verib

Fevralın 12-də "Tokio-2020" Yay Olimpiya və Paralimpiya Oyunları təşkilat komitəsinin sədri Yoşiro Mori qadınlar barədə səsləndirdiyi fikirlərə görə baş verən qalmaqal səbəbindən tutduğu vəzifədən istefa verib.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, bu barədə Yaponiyanın NHK kanalı ilə birbaşa reportaj yayımlanıb.

“Yaratdığım narahatlığa görə hamıdan üzr istəyirəm. Bildirmək istəyirəm ki, hazırda əsas məsələ Olimpiadanın keçirilməsidir”, - deyə Y.Mori bildirib.

Qadınlar barədə səsləndirdiyi fikirlərin yersiz olduğunu bir daha qeyd edən Y.Mori bunun qalmaqala səbəb olmasından təəssüfləndiyini və buna görə də Olimpiadaya hazırlıq prosesinin onun iştirakı olmadan davam etməsinin daha rahat olacağını düşündüyünü deyib.

Xatırladaq ki, ötən həftə yarışlara hazırlıqla bağlı təşkil edilən iclasların birində Y.Mori belə müzakirələrdə qadınların həddindən artıq çox danışdığını və nəticədə bunun böyük vaxt itkisinə səbəb olduğunu söyləyib. Təşkilat komitəsinin sədrinin bu fikri həm ölkə daxilində, həm də xaricdə çox böyük ajiotaja səbəb olub.

Cəmiyyətin kəskin tənqidi ilə qarşılaşan Y.Mori mətbuat konfransı keçirərək bu hərəkətinə görə üzr istəsə də, bunun heç bir xeyri olmayıb və cəmiyyətdə onun istefa verməsi tələbləri irəli sürülüb.

Yaponiyanın baş naziri Yoşihide Suqa da parlamentdə dinləmələr zamanı Olimpiadanın təşkilat komitəsinin sədrinin fikirlərinin Olimpiya hərəkatının ruhu ilə ziddiyyət təşkil etdiyini deyib. Y.Morinin fikirlərini Yaponiya Olimpiya və Paralimpiya məsələləri naziri xanım Seyko Haşimoto da tənqid edib.

Beynəlxalq Olimpiya Komitəsinin də məsələyə müdaxilə etməsinə baxmayaraq, Y.Morinin istefası qaçılmaz olub.

Bu ərəfədə Yaponiya KİV-ləri Y.Morinin əfsanəvi futbolçu, Yaponiya Futbol Liqasının ilk prezidenti Saburo Kavabuçi ilə bir saatlıq görüş keçirməsi barədə məlumatlar yayıb. Bildirilir ki, görüşdə söhbət S.Kavabuçinin Olimpiya Oyunları üzrə təşkilat komitəsinə rəhbərlik etməsindən gedib. Həmin gün S.Kavabuçi həmin vəzifəni tutmağa hazır olduğunu bəyan etsə də, sonradan bundan imtina edib.

Həmin vəzifəni tutacaq namizədlər arasında Yaponiya Olimpiya və Paralimpiya məsələləri naziri xanım Seyko Haşimotonun da adı çəkilir.