logo

Prezident Bakı Beynəlxalq Dəniz Limanını  Nazirliyin tabeliyindən çıxartdı

19:20 11-02-2021 | icon 1778
Prezident Bakı Beynəlxalq Dəniz Limanını  Nazirliyin tabeliyindən çıxartdı

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindən çıxarılıb.

YeniAvropa xəbər verir ki, bununla bağlı prezident İlham Əliyev fevralın 11-də sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasının prezidenti QSC-nin yenidən təşkili və ləğvi, cəmiyyətin Müşahidə Şurasının və icra orqanının üzvlərinin, o cümlədən onların rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi səlahiyyətlərini yerinə yetirəcək. Azərbaycan İnvestisiya Holdinqi QSC-nin nizamnaməsinin və strukturunun təsdiq edilməsi, nizamnamə kapitalının miqdarının müəyyən edilməsi, cəmiyyətin illik hesabatlarının, maliyyə hesabatlarının təsdiqi, mənfəətinin və zərərinin bölüşdürülməsi, dividend siyasətinin təsdiqi, qiymətli kağızların buraxılması barədə qərar qəbul edilməsi və digər səlahiyyətləri icra edəcək.

QSC-nin fəaliyyətinə ümumi nəzarəti və rəhbərliyi həyata keçirmək məqsədilə sədr də daxil olmaqla 3 üzvdən ibarət Müşahidə Şurası yaradılır. Müşahidə Şurasına QSC-nin uzunmüddətli inkişaf strategiyasını təsdiq etmək, xərclər və gəlirlər smetasını təsdiq etmək və onun icrasına nəzarəti həyata keçirmək və digər səlahiyyətlər verilib.

Azərbaycan İnvestisiya Holdinqi “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin idarə olunmasına dair korporativ idarəetmə standartlarını, habelə onun idarəetmə orqanlarının üzvlərinin fəaliyyətinin qiymətləndirilməsi sistemini 6 ay müddətində təsdiq etməlidir.