logo

"Türk Hava Yolları" Gəncəyə aviareyslər təşkil edəcək

16:10 11-02-2021 | icon 2219
"Türk Hava Yolları" Gəncəyə aviareyslər təşkil edəcək

Cari ilin may ayından etibarən "Türk Hava Yolları" Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə aviareyslər təşkil edəcək. 

 YeniAvropa xəbər verir ki, bu barədə "Türk Hava Yolları"nın(THY) Azərbaycandakı nümayəndəsi Selahattin İlyasın  Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşündə bildirlib. 

Görüşdə Gəncə şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev, Türkiyənin Gəncədəki baş konsulu Zeki Öztür və "Türk Hava Yolları"nın Gəncədəki nümayəndəsi Cabir Peçe də iştirak ediblər.

THY-nin Azərbaycandakı nümayəndəsi Selahattin İlyas bildirib ki, Gəncə, Göygöl, Gədəbəy, Naftalan və digər ətraf ərazilərin turizm potensialının gündən-günə inkişaf etməsi bölgəyə gələn xarici qonaqların sayına müsbət təsir edir. Bu və bir sıra digər amilləri nəzərə alan "Türk Hava Yolları" sərfəli qiymətlərlə Gəncəyə uçuşlar təşkil etməyi planlaşdırır.

Niyazi Bayramov qeyd edib ki, Azərbaycan prezidenti İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq 2021-ci ilin "Nizami Gəncəvi ili" elan edilməsi Gəncəyə səfər edəcək yerli və xarici turistlərin sayına təsirsiz ötüşməyəcək. O, həmçinin vurğulayıb ki, Azərbaycan son illərdə turizm sahəsində müəyyən irəliləyişlər əldə edib. Bu sahənin inkişafına işğaldan azad edilən torpaqlarımızda qurulacaq infrastruktur da müsbət təsir göstərəcək. Gəncənin yerləşdiyi coğrafi mövqe bölgəyə gələcək olan turistlər üçün olduqca əlverişlidir. Belə ki, buradan sözügedən ərazilərə daha rahat səfərlər etmək mümkündür.

Türkiyənin Gəncədəki baş konsulu Zeki Öztürk və "Türk Hava Yolları"nın Azərbaycandakı nümayəndəsi Selahattin İlyas məsələ ilə bağlı müsbət gözləntilərin olduğunu qeyd ediblər.