logo

İşğaldan azad olunan ərazilərə qanunsuz yollarla keçən 6 nəfər saxlanılıb

14:49 10-02-2021 | icon 1540
İşğaldan azad olunan ərazilərə qanunsuz yollarla keçən 6 nəfər saxlanılıb

Mülki şəxslərin işğaldan azad edilmiş ərazilərə müvafiq icazə almadan, eləcə də nəzarət postlarından kənar yollarla keçmələrinin onların həyat və sağlamlıqları üçün ciddi təhlükə olması barədə dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq, bu qaydaları pozan vətəndaşlara hələ də rast gəlinməkdədir.

 YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.Qeyd edilib ki, ayrı-ayrı şəxslərin işğaldan azad olunmuş, lakin minalardan tam təmizlənməmiş ərazilərə öz həyatlarını təhlükə qarşısında qoyaraq postlardan kənar yollarla daxil olmaları barədə məlumatlar əldə edilməkdədir. Bu cür təhlükəli halların qarşısının vaxtında alınması məqsədilə fevralın 9-da Xocavənd və Füzuli rayonları ərazisində daxili işlər orqanlarının əməkdaşları tərəfindən qabaqlayıcı profilaktik tədbirlər keçirilib. Nəticədə həmin rayonların işğaldan azad edilən ərazilərinə qanunsuz yollarla keçmiş 6 nəfər Ağcabədi rayon sakini - Qafar Qələndərov, Firdovsi Əliyev, Emin Mamedov, Səfər Əliyev, Elçin Əliyev və Mahir Mamedov müəyyənləşdirilərək saxlanılıblar. Həmin şəxslərin əməllərinə hüquqi qiymət verilməsi üçün araşdırmalar davam etdirilir.

DİN bir daha vətəndaşlara müraciət edərək işğaldan azad olunmuş ərazilərə həyat və sağlamlıqlarını təhlükədə qoyaraq qanunsuz yollarla getməməyə, belə səfərlərdən çəkinməyə çağırır.