logo

Azərbaycan ilə Pakistan arasında əməkdaşlıq sazişi imzalanıb

16:46 14-01-2021 | icon 1547
Azərbaycan ilə Pakistan arasında əməkdaşlıq sazişi imzalanıb

Pakistana rəsmi səfəri çərçivəsində yanvarın 14-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Pakistan İslam Respublikasının xarici işlər naziri Məhdum Şah Mahmud Qureşi arasında görüş keçirilib.

YeniAvropa xəbər verir ki, bu haqda  Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi məlumat yayıb.

Bildirilib ki, Azərbaycanı işğal edilmiş ərazilərinin azad olunması münasibətilə təbriklərini ifadə edən pakistanlı nazir ölkəsinin Azərbaycanın beynəlxalq hüquqa əsaslanan ədalətli mövqeyini hər zaman dəstəklədiyini vurğulayıb.

Nazir Ceyhun Bayramov Pakistanın hər zaman Azərbaycanın yanında olduğunu və Vətən müharibəsi dövründə Pakistan tərəfindən bütün səviyyələrdə, xüsusilə də Pakistan xalqı tərəfindən nümayiş etdirilən birmənalı dəstəyi məmnunluqla qeyd edib.

İki ölkə arasında mövcud olan tarixi və mədəni əlaqələri vurğulayan tərəflər inkişaf etməkdə olan əməkdaşlıq münasibətləri, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində sərgilənən qarşılıqlı dəstək məsələlərini müzakirə ediblər.

Azərbaycan və Pakistan arasında yüksək səviyyəli səfər mübadilələrinin həyata keçirilməsinin ikitərəfli münasibətlərin inkişafına töhfə verəcəyi bildirilib.

Görüş zamanı, həmçinin ölkələr arasında ticarət, iqtisadi, kənd təsərrüfatı, enerji, nəqliyyat, turizm və digər kimi sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsi ətrafında fikir mübadiləsi aparılıb. İnsanlararası əlaqələr, habelə təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib, ADA Universiteti ilə Pakistanın Xarici Xidmət Akademiyası arasında münasibətlərin inkişaf etdirilməsi vurğulanıb.

Tərəflər görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Görüşdən sonra nazirlər "Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında fövqəladə halların qarşısının alınması, məhdudlaşdırılması və azaldılması sahəsində əməkdaşlıq haqqında” sazişi imzalayıblar.