logo

Azərbaycan-Ukrayna İşgüzar Şurası yaradılacaq

13:59 08-01-2021 | icon 2254
Azərbaycan-Ukrayna İşgüzar Şurası yaradılacaq

Azərbaycanla Ukrayna arasında iqtisadi əməkdaşlığın inkişafı üçün böyük potensial mövcuddur.Odur ki, bu sahədə əlaqələrə təkan verə biləcək yeni mexanizmlərin yaradılmasına, o cümlədən  Hökumətlərarası Komissiya çərçivəsində iqtisadi əməkdaşlıq üzrə İşçi Qrupu və Azərbaycan-Ukrayna İşgüzar Şurasının yaradılmasına zərurət vardır. 

YeniAvropa xəbər verir ki, bu fikirləri iqtisadiyyat naziri Mikayıl Cabbarov Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski ilə görüşündə səsləndirib.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda qeyd edilib ki, görüşdə ölkələrimiz arasında əlaqələr yüksək səviyyədə olduğu, əməkdaşlığın inkişafına xüsusi önəm verildiyi, iqtisadiyyatın müxtəlif sahələrində əlaqələrin uğurla inkişaf etdiyi vurğulanıb.

Mikayıl Cabbarov Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qələbəsini, Ermənistanın işğalçılıq siyasəti ilə bağlı Ukraynanın qəti mövqeyinin, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsinin ölkəmiz tərəfindən yüksək qiymətləndirildiyini deyib.

İki ölkə arasında iqtisadi əlaqələrdən danışan M.Cabbarov bildirib ki, 2019-cu ilin dekabrında Ukrayna prezidenti Vladimir Zelenskinin Azərbaycana səfəri və ötən ilin yanvarında keçirilmiş Azərbaycan-Ukrayna İqtisadi Əməkdaşlıq Məsələləri üzrə Hökumətlərarası Komissiyanın 12-ci iclası zamanı əldə edilmiş razılaşmalar iqtisadi sahədə fəallığı daha da artırıb.

Ukraynanın Azərbaycandakı səfiri V.Kanevski iqtisadi-ticarət əlaqələrinin inkişafı barədə fikirlərini bölüşüb, ölkəsinin Azərbaycanla bir sıra istiqamətlərdə, o cümlədən özəlləşdirmə sahəsində tərəfdaşlıqda, işğaldan azad edilmiş ərazilərin bərpası üzrə həyata keçiriləcək layihələrdə Ukrayna şirkətlərinin iştirakında maraqlı olduğunu diqqətə çatdırıb.

Görüşdə Azərbaycan-Ukrayna iqtisadi əməkdaşlığının genişləndirilməsi imkanlarına dair müzakirələr aparılıb.