logo

Güləşçimiz Cəbrayıl Həsənov millinin böyük məşqçisi təyin olunub

15:55 07-01-2021 | icon 4830
Güləşçimiz Cəbrayıl Həsənov millinin böyük məşqçisi təyin olunub

Sərbəst güləş üzrə millimizin kapitanı Cəbrayıl Həsənov idmançı karyerasını başa vurub.

Azərbaycan Güləş Federasiyasından (AGF) YeniAvropa-ya bildirilib ki, titullu güləşçimiz bundan sonra məşqçi kimi fəaliyyət göstərəcək. Belə ki, AGF-nin prezident əvəzi Namiq Əliyevin müvafiq əmrinə əsasən, C.Həsənov sərbəst güləş üzrə gənclərdən ibarət yığma komandanın böyük məşqçisi vəzifəsinə təyin olunub. Bu komandada Rövşən Hacıyev, Nazim Əlicanov və Əşrəf Əliyev məşqçi kimi fəaliyyətini davam etdirəcək.

Yanvarın 7-də N.Əliyev gənc mütəxəssisə idmançı kimi göstərdiyi xidmətlərə görə təşəkkür edib və ona yeni vəzifəsində uğurlar arzulayıb. Federasiyanın rəhbəri bundan sonra sərbəst güləş üzrə böyüklərdən ibarət yığma komandanın kapitanının Şərif Şərifov olacağını bildirib.

Xatırladaq ki,Cəbrayıl Həsənov 24 fevral 1990-cı ildə Astara rayonunun Suparibağ kəndində anadan olub. Beynəlxalq dərəcəli idman ustası, əməkdar məşqçi Aslan Ağayevin yetirməsidir. 2003-cü ildən Azərbaycan yığma komandasının tərkibində müxtəlif beynəlxalq yarışlarda iştirak edib. 

Sərbəst güləşi üzrə 74 kq çəki dərəcəsində 2016-cı il Rio-de-Jeneyroda keçirilən Yay Olimpiya oyunlarının bürünc medal qazanıb. Bundan əlavə, o, 2 dəfə dünya ikincisi, 3 dəfə Avropa çempionu, ilk Avropa Oyunlarının bürünc medalçısı olub. C.Həsənov ümumilikdə dünya və Avropa çempionatlarında 12 dəfə fəxri kürsüyə qalxıb.