logo

Marketlərə sanksiyalar tətbiq ediləcək - Hikmət Əlizadə

12:32 07-01-2021 | icon 1918
Marketlərə sanksiyalar tətbiq ediləcək - Hikmət Əlizadə

“İnsanların çoxuna marketlərdə onlara məhsulun hansı qalınlıqda polietilen torbalarda verilməsi maraqlı deyil”.

YeniAvropa xəbər verir ki, bu fikri  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, ölkədə fəaliyyət göstərən iri marketlərin satış və marketinq üzrə mütəxəssislərinin iştirakı ilə keçirilən onlayn görüşdə ETSN-in Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə səsləndirib.

O bildirib ki, bu, dövlət qurumlarının və market sahiblərinin marağında olmalıdır: “Çünki bilirlər ki, bu, müvafiq sanksiyalar gətirəcək. Market sahibləri məhsulları alan zaman konkret sənəd tələb etməlidir. Qanunvericilikdə nəzərdə tutulmayan ölçüdə məhsulları almamalıdırlar”. 

Hikmət Əlizadə qeyd edib ki, ETSN tərəfindən bununla əlaqədar müraciətlər hazırlanır: “Yaxın zamanda müvafiq qurumlara, həmçinin vətəndaşlara ETSN-in müraciəti olacaq”.

Xatırladaq ki, 2021-ci il yanvarın 1-dən Azərbaycanda qalınlığı 15 mikrona qədər olan polietilen torbaların ictimai iaşə və xidmət obyektlərində istehlakçıya satılması və verilməsi qadağan edilib.

Bu məsələ yeni ildən qüvvəyə minən  “Ətraf mühitin mühafizəsi haqqında” qanuna edilmiş dəyişikliklərdə öz əksini tapıb. 

Sənəd ölkə prezidentinin 2019-cu il 7 fevral tarixli “Azərbaycanda plastik qablaşdırma tullantılarının ətraf mühitə təsirinin azaldılmasına dair 2019-2020-ci illər üçün Tədbirlər Planı”na əsasən hazırlanıb və Milli Məclis tərəfindən qəbul edilib. 

Sənədə əsasən qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalı, istehsalı, ticarət, ictimai iaşə və xidmət obyektlərində istehlakçıya satılması və verilməsi qadağan edilib.

Qanun polietilen torbalara münasibətdə 2021-ci il yanvarın 1-dən, digər birdəfəlik istifadə üçün nəzərdə tutulan məhsullara münasibətdə isə 2021-ci il iyulun 1-dən qüvvəyə minir.

Qanuna əsasən  bu gündən etibarən qalınlığı 15 mikrona qədər olan polietilen torbaların sahibkarlar tərəfindən idxalı, istehsalı, ictimai iaşə və xidmət obyektlərində istifadəsi və satışı aşkar olunarsa fiziki şəxslər 1000 -1500 manat, hüquqi şəxslər isə 3000-4000 manat cərimə ediləcəklər.