logo

Torpaqlarımızın işğaldan azad edilməsi Ermənistan üçün həm də iqtisadi problemlər yaradıb

11:51 07-01-2021 | icon 3269
Torpaqlarımızın işğaldan azad edilməsi Ermənistan üçün həm də iqtisadi problemlər yaradıb
Azərbaycan işğal altında qalan torpaqlarını azad etdikdən sonra Ermənistan iqtisadiyyatının enerjiyə, taxıla olan tələbatının ödənilməsində problemlər yaranıb.
 
YeniAvropa xəbər verir ki, bunu iqtisadçı alim Qubad İbadoğlu özünün "Facebook" hesabında yazıb.
Onun sözlərinə görə, 2018-ci ildən etibarən Ermənistan elektrik enerjisinin bir hissəsini Dağlıq Qarabağdan alıb.
"Hətta bu ildən Ermənistan Dağlıq Qarabağdan 330 milyon kVt/saat elekrik enerjisinin idxalı planladırılmışdı. İndi isə əksinə, Dağlıq Qarabağda fəaliyyət göstərən kiçik elektrik stansiyalarının Azərbaycanın nəzarətində olması səbəbindən ermənilər Sərsəng su elektrik stansiyasından asılı vəziyyətdə qalıblar.Bu isə onların ehtiyaclarını qarşılamağa kifayət etmir.
Bununla yanaşı, Suqovuşanın bizim nəzarətimizdə olması Dəmirli mis mədənində istehsal prosesininin dayandırılmasına gətirib çıxarıb. Belə ki, mis kombinatının su təchizatı Suqovuşan su anbarının hesabına idi. Bundan əlavə, həmin ərazidə olan kürü istehsalı üzrə ixtisaslaşmış balıq fabriki ilə də bağlı problemlər mövcuddur", -deyə iqtisadçı alim bildirib.
Qubad İbadoğlunun sözlərinə görə, bu il Ermənistan taxıl sarıdan da korluq çəkəcək: "Ermənistanın taxıla olan tələbatının 30 faizə qədərini indiyədək Dağlıq Qarabağ ödəyib. Ermənilər 27 sentyabradək işğal altında olan ərazilərdəki münbit torpaqlarda taxıl məhsulları becərirdilər. Belə ki, Ermənistanın taxıla olan illik 500-600 min ton tələbatının 150-200 min tonu Qarabağdan gətirilirdi. Hazırda taxıl əkilən sahələrinin təqribən 90 faizi Azərbaycanın nəzarətindədir. Odur ki, Ermənistan bundan sonra taxıl, enerji tələbatında yaranmış kəsirləri başqa mənbələrdən ödəmək məcburiyyətində qalacaqdır".
Sonda Qubad İbadoğlu Vətən Müharibəsi nəticəsində Ağdərə rayonundakı Sərsəng su anbarının Azıərbaycanın nəzarətinə keçə bilməməsini  təəssüflə qeyd edir.
"Bircə Sərsəng su anbarı bizim nəzarətimizə keçsəydi, yəqin ki, Dağlıq Qarabağda bir çox məsələləri həll edə bilərdik",-deyə iqtisadçı alim vurğulayır.