logo

Hazırda Azərbaycanda 7 erməni, qarşı tərəfdə isə 2 mülki əsir var

13:57 05-01-2021 | icon 2254
Hazırda Azərbaycanda 7 erməni, qarşı tərəfdə isə 2 mülki əsir var

Azərbaycan Respublikasının Prezidenti, Rusiya Federasiyasının Prezidenti və Ermənistan Respublikasının baş nazirinin imzaladıqları 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatdan irəli gələn vəzifələrdən biri - əsir və girovların, meyitlərin humanitar məqsədlərlə dəyişdirilməsi təmin olunur.

 YeniAvropa xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov yanvarın 5-də Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində keçirilən mətbuat konfransında məlumat verib.

İsmayıl Axundov bildirib ki, prezidenti İlham Əliyevin tapşırığı ilə humanizm prinsipləri rəhbər tutularaq birtərəfli qaydada Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iştirakı, ATƏT-in və Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə Dövlət Komissiyası bu il oktyabrın 29-da, dekabrın 2-də, 9-da, 11-də və digər tarixlərdə Ermənistan vətəndaşı olan şəxsləri, habelə erməni hərbi qulluqçuları qarşı tərəfə təhvil verib. Əsas vəzifə əsir və girovların “hamının-hamıya” prinsipi əsasında azad edilməsidir. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən görülmüş tədbirlərlə dekabrın 14-də “hamının-hamıya” prinsipi ilə növbəti humanitar proses həyata keçirilib. Həmin proses nəticəsində Azərbaycan Respublikasının 14 vətəndaşı erməni əsirliyindən və girovluğundan azad edilərək Bakıya gətirilib. Üçtərəfli Bəyanata uyğun olaraq sonuncu proses dekabrın 28-də həyata keçirilib. Azərbaycanda saxlanılan 58 nəfər erməni milliyyətindən olan şəxs geri verilib. Azərbaycanda hələ 5 hərbçi və 2 mülki şəxs saxlanılır. Qarşı tərəfdə isə 2 mülki şəxs saxlanılır.