logo

Boyko Borisov İlham Əliyevi Bolqarıstana səfərə dəvət edib

19:38 01-01-2021 | icon 1736
Boyko Borisov İlham Əliyevi Bolqarıstana səfərə dəvət edib

Yanvarın 1-də Bolqarıstanın baş naziri Boyko Borisov Azərbaycan prezidenti İlham Əliyevə telefonla zəng edib.

 YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Boyko Borisov TAP layihəsi üzrə Azərbaycan qazının Bolqarıstana çatdırılmasının mühüm hadisə olduğunu qeyd edərək, bunun yüksək qiymətləndirildiyini xüsusi olaraq vurğulayıb.

Öz növbəsində Azərbaycan prezidenti TAP layihəsi üzrə Azərbaycan qazının Bolqarıstana çatdırılmasının həm ikitərəfli əlaqələrin inkişafı, həm də beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından önəmini qeyd edib. Eyni zamanda, dövlətimizin başçısı Azərbaycan qazının Avropaya çatdırılmasını Cənub Qaz Dəhlizinin tamamlanması və bu tarixi layihədə iştirak edən ölkələrin uğurlu əməkdaşlığının təsdiqi kimi dəyərləndirib.

Prezident İlham Əliyev və baş nazir Boyko Borisov TAP layihəsi üzrə Azərbaycan qazının Bolqarıstana və Avropanın digər ölkələrinə çatdırılmasının Avropanın enerji təchizatının şaxələndirilməsi və enerji təhlükəsizliyinin təmin olunması işinə böyük töhfə verəcəyini də bildiriblər.

Telefon söhbəti zamanı Azərbaycan ilə Bolqarıstan arasında siyasi, iqtisadi, enerji, nəqliyyat, mədəni sahələrdə əməkdaşlığın genişlənməsində tərəqqinin müşahidə olunduğu qeyd edilərək, dostluq və strateji tərəfdaşlıq əlaqələrinin bundan sonra da davam etdiriləcəyinə əminlik ifadə olunub.

Boyko Borisov Azərbaycan prezidentini ölkəsinə səfərə dəvət edib.

Azərbaycan prezidenti dəvəti minnətdarlıqla qəbul edib.

Telefon söhbəti zamanı, həmçinin prezident İlham Əliyev və baş nazir Boyko Borisov bir-birini Yeni il münasibətilə təbrik edib, möhkəm cansağlığı və fəaliyyətlərində uğurlar arzulayıblar.