logo

Bu gündən Azərbaycanda polietilen torbaların satışı qadağan edilir

16:08 01-01-2021 | icon 357
Bu gündən Azərbaycanda polietilen torbaların satışı qadağan edilir

2021-ci il yanvarın 1-dən Azərbaycanda qalınlığı 15 mikrona qədər olan polietilen torbaların ictimai iaşə və xidmət obyektlərində istehlakçıya satılması və verilməsi qadağan edilib.

 YeniAvropa xəbər verir ki, belə ki, bu gündən  “Ətraf mühitin mühafizəsi haqqında” qanuna edilmiş dəyişikliklər qüvvəyə minib.

Sənəd ölkə Prezidentinin 2019-cu il 7 fevral tarixli “Azərbaycanda plastik qablaşdırma tullantılarının ətraf mühitə təsirinin azaldılmasına dair 2019-2020-ci illər üçün Tədbirlər Planı”na əsasən hazırlanıb və Milli Məclis tərəfindən qəbul edilib. 

Sənədə əsasən qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalı, istehsalı, ticarət, ictimai iaşə və xidmət obyektlərində istehlakçıya satılması və verilməsi qadağan edilib.

Qanun polietilen torbalara münasibətdə 2021-ci il yanvarın 1-dən, digər birdəfəlik istifadə üçün nəzərdə tutulan məhsullara münasibətdə isə 2021-ci il iyulun 1-dən qüvvəyə minir.

Qanuna əsasən  bu gündən etibarən qalınlığı 15 mikrona qədər olan polietilen torbaların sahibkarlar tərəfindən idxalı, istehsalı, ictimai iaşə və xidmət obyektlərində istifadəsi və satışı aşkar olunarsa fiziki şəxslər 1000 -1500 manat, hüquqi şəxslər isə 3000-4000 manat cərimə ediləcəklər.