logo

Ərdoğan: Azərbaycan 44 gündə dastana bərabər bir Zəfərə imza atdı

19:59 31-12-2020 | icon 2744
Ərdoğan: Azərbaycan 44 gündə dastana bərabər bir Zəfərə imza atdı

Qarabağın işğaldan azad edilməsi mübarizəsində qazandığı Zəfər münasibətilə Azərbaycan Ordusunu təbrik edirəm. Bu Zəfər azərbaycanlı qardaşlarımız qədər bizi də məmnun etdi və qürurlandırdı. Siz Can Azərbaycanın prezidenti, qardaşım İlham Əliyevin liderliyi ilə 44 gündə dastana bərabər bir Zəfərə imza atdınız.

YeniAvropa xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində “Azərbaycan-Türkiyə qardaşlığı əbədidir, sarsılmazdır!” adlı tədbirin iştirakçılarına telefon vasitəsilə söyləyib.

Bakıda Azadlıq Meydanında keçirilmiş Zəfər paradını xatırladan prezident Rəcəb Tayyib Ərdoğan deyib: “Qardaş Azərbaycan Qafqaz İslam Ordusunu dualar içində, sevinc göz yaşları ilə necə qarşılamışdısa, dekabrın 10-da Türkiyə Silahlı Qüvvələrini də eyni həyəcanla qarşıladı”.

Ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət!” kəlamını xatırladan prezident Rəcəb Tayyib Ərdoğan deyib: “Sizin ortaq mübarizəniz ölkələrimiz arasında əlaqələrin mövcud vəziyyətinin şərəf nöqtəsidir. Türkiyə olaraq hərbi zəfərini diplomatik uğurla taclandıracaq Azərbaycanın mücadiləsini meydanda və bütün beynəlxalq platformada dəstəkləyirik. Azərbaycan və Ermənistan arasında yaranmış atəşkəsi müşahidə etmək üçün bölgədə xidmət aparacaq siz, dəyərli hərbçilərimizə müvəffəqiyyətlər arzu edirəm”.