logo

Milli Məclisin payız sessiyası başa çatıb

18:10 30-12-2020 | icon 1701
Milli Məclisin payız sessiyası başa çatıb

Dekabrın 30-da Milli Məclisin cari ildə sonuncu plenar iclası keçirilib.

YeniAvropa xəbər verir ki, parlamentin sədri Sahibə Qafarova iclası açaraq gündəlikdə 7 məsələnin müzakirə olunacağını bildirib. Sədr qeyd edib ki, gündəliyin ilk 4 məsələsi üçüncü oxunuşda təqdim olunan qanun layihələridir. Birinci və ikinci məsələ mahiyyətcə bir-birinə bağlıdır. Birinci məsələ “Müflisləşmə və iflas haqqında” Qanunda dəyişiklik edilməsi barədə, ikinci məsələ isə Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihələridir.

İclasda hər iki məsələni iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli təqdim edib. Bildirilib ki, hər iki sənəd barədə birinci və ikinci oxunuşlarda ətraflı məlumat verilib. Bu layihələrlə bağlı komitəyə heç bir irad və təklif daxil olmayıb.

Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında digər qanun layihəsini iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili nəzərə çatdırıb. Bildirilib ki, Məcəlləyə ediləcək dəyişiklik Vergi ödəməkdən azad edilmə maddəsinə iki yeni maddənin əlavə olunması ilə bağlıdır. Birinci və ikinci oxunuşdan sonra keçən müddət ərzində qanunun mətninə hər hansı bir dəyişiklik daxil olmayıb.

Qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.

Sonra komitə sədri Tahir Mirkişili “Dövlət borcu haqqında” Qanunda dəyişiklik edilməsi barədə layihə ilə bağlı məlumatı diqqətə çatdırıb. Qeyd edilib ki, qanun layihəsi Təminat Fondu ilə dövlət büdcəsi arasında qarşılıqlı köçürmələrin mexanizmini özündə əks etdirir.

Qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.

Sonra Milli Məclisin sədri Sahibə Qafarova diqqətə çatdırıb ki, gündəliyin beşinci məsələsi Azərbaycan Respublikasının Əfqanıstan İslam Respublikasında (Kabil şəhərində) səfirliyinin təsis edilməsi haqqında qanun layihəsidir. Spiker qeyd edib ki, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya qanununa uyğun olaraq, qanun layihəsi bir oxunuşda qəbul ediləcək.

Azərbaycan Respublikasının Əfqanıstan İslam Respublikasında (Kabil şəhərində) səfirliyinin təsis edilməsi haqqında qanun layihəsini beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov təqdim edib. Komitə sədri Azərbaycan Prezidentinin Əfqanıstanın ölkəmizdəki yeni təyin olunan səfirini qəbul edərkən söylədiyi fikirləri dilə gətirib. Prezident deyib: “Qardaş əfqan xalqına hər zaman - danışıqlar və işğal dövründə, müharibə zamanı və müharibədən sonra, qələbəmizi qeyd etdiyimiz vaxtda yanımızda olmağına, bizi dəstəklədiyinə görə minnətdarlığımızı bildiririk”. Qeyd edilib ki, bu gün Azərbaycanın Əfqanıstanla əlaqələri çox vacib və əhəmiyyətlidir.

Komitə sədri Siyavuş Novruzov, deputatlardan Fəzail Ağamalı, Qüdrət Həsənquliyev, Aydın Mirzəzadə, Musa Qasımlı, Aqil Abbas, Məlahət İbrahimqızı çıxış edərək Azərbaycanla Əfqanıstan arasında sıx dostluq münasibətlərinin olduğunu, hər zaman bir-birini dəstəklədiyini bildiriblər.

Müzakirələrdən sonra qanun layihəsi qəbul edilib.

Sonra gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının illik məlumatı dinlənilib. Məlumatı  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova təqdim edib.

Müzakirələr zamanı Milli Məclis sədrinin müavinləri Fəzail İbrahimli, Adil Əliyev, komitə sədrləri Siyavuş Novruzov, Zahid Oruc, deputatlardan Məlahət İbrahimqızı, Nurlan Həsənov, Razi Nurullayev, Qüdrət Həsənquliyev, Etibar Əliyev, Fəzail Ağamalı gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının illik məlumatı barədə fikirlərini açıqlayıb, rəy və təkliflərini səsləndiriblər. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova səsləndirilən fikirlərə münasibət bildirib.

İclasda gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının illik məlumatı nəzərə alınıb.

Sonra spiker Sahibə Qafarova bildirib ki, hər il 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində Milli Məclis dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımıza və həmvətənlərimizə müraciət qəbul edir. Gündəliyin sonuncu - 7-ci məsələsi məhz Milli Məclisin müraciəti haqqındadır.

Plenar iclasda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Azərbaycan Respublikası Milli Məclisinin müraciətini deputat Elnur Allahverdiyev səsləndirib.

Müraciət səsə qoyularaq qəbul olunub.

Gündəlikdəki məsələlərin müzakirəsi başa çatdıqdan sonra Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, bu gün payız sessiyasının son iclasıdır.

Sədr sessiya dövründə görülmüş işlər haqqında qısa məlumat verərək bildirib ki, Milli Məclisin payız sessiyasında 19 iclas keçirilib, 86 qanun və qərar qəbul edilib.

Milli Məclis Konstitusiya ilə nəzərdə tutulan qanunvericilik səlahiyyətlərini tam həcmdə yerinə yetirib. 

Sədr çıxışına yekun vuraraq bildirib ki, Milli Məclis payız sessiyasını və ümumiyyətlə, 2020-ci ili uğurla başa çatdırır. Spiker deputatlara səmərəli fəaliyyətlərinə görə təşəkkür edib.

Sonra Milli Məclisin sədri Sahibə Qafarova 2020-ci ilin payız sessiyasını bağlı elan edib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Bununla da Milli Məclisin payız sessiyası başa çatıb.