logo

Azərbaycan-Beynəlxalq Qırmızı Xaç Komitəsi əməkdaşlığı müzakirə olunub

17:47 30-12-2020 | icon 1869
Azərbaycan-Beynəlxalq Qırmızı Xaç Komitəsi əməkdaşlığı müzakirə olunub

Dekabrın 30-da xarici işlər naziri Ceyhun Bayramov Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin rəhbəri Arian Bauerlə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsindən YeniAvropa-ya bildirilib ki, görüşdə nazir Ceyhun Bayramovun BQXK-nın Avropa və Mərkəzi Asiya üzrə Regional direktoru Martin Şüepplə dekabrın 7-də keçirdiyi görüşünün davamı olaraq, Azərbaycanın münaqişənin təsirinə məruz qalmış ərazilərində Komitənin fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb.

Tərəflər, 2020-ci il 10 noyabr tarixli Birgə Bəyanatdan sonra bölgədə yaranmış yeni vəziyyət, bütün kommunikasiyaların açılması, hər iki icmanın sülh və təhlükəsizlik şəraitində birgə yaşayışının təmin olunması və bəyanatdan irəli gələn digər məsələləri müzakirə ediblər. BQXK tərəfindən ehtiyacı olan insanlara müvafiq yardımların göstərilməsi istiqamətində görülən işlər məmnunluqla qeyd edilib, Azərbaycanın təşkilatın fəaliyyətini dəstəklədiyi vurğulanıb.

Görüşdə, habelə Azərbaycan ilə BQXK arasında əməkdaşlıq məsələləri, təşkilatın ölkəmizdəki fəaliyyətinin səmərəliliyinin daha da artırılması yolları müzakirə edilib.