logo

Azərbaycan,Türkiyə və Pakistan XİN başçılarının görüşü keçiriləcək

13:03 30-12-2020 | icon 1778
Azərbaycan,Türkiyə və Pakistan XİN başçılarının görüşü keçiriləcək

Gələn il Türkiyə, Azərbaycan və Pakistan xarici işlər nazirlərinin görüşü keçiriləcək. Hazırda diplomatik kanallarla görüşün dəqiq tarixi müəyyənləşdirilir. Görüş  Pakistanda baş tutacaq .

YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki,  bu barəd  Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu 2020-ci ilin yekunlarına dair çıxışında məlumat verib. 

Nazir  daha sonra  Dağlıq qarabağ məsələsinə də toxunub.

"Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 30 ildir davam edən diplomatik danışıqlar nəticə vermədi, Azərbaycan döyüş meydanında haqqını geri aldı.

Azərbaycana sadəcə qardaş ölkə olaraq yox, haqlı tərəf olduğu üçün dəstək verdik”,-deyə Türkiyənin XİN rəhbəri vurğulayıb. 

Nazir qeyd edib ki, bundan sonra da Türkiyənin Azərbaycana dəstəyi davam edəcək. Onun sözlərinə görə, Ermənistanın atəşkəsə riayət edib, Azərbaycan və digər qonşularının ərazi bütövlüyünə hörmət edərsə, əlaqələr normallaşa bilər. Nazir bildirib ki, bu normallaşmadan daha çox Ermənistan və onun xalqı yararlanacaq. 

Türk hərbçilərinin Azərbaycanda olduğunu xatırladan XİN başçısı Soçiyə səfəri zamanı rusiyalı həmkarı Sergey Lavrovla Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Mərkəzini müzakirə etdiklərini vurğulayıb.

Nazir 2020-ci ilin ən önəmli məsələsinin Dağlıq Qarabağ olduğunu vurğulayıb. Qeyd edib ki, Naxçıvan dəhlizinin açılması, köçkünlərin geri dönməsi və digər məsələlər nəzarətdədir.

M. Çavuşoğlu Dağlıq Qarabağla bağlı Rusiya ilə sıx təmasda olacaqlarını da dilə gətirib: "Pandemiyaya baxmayaraq, Dağlıq Qarabağ, Suriya, Liviya, Şimali Kipr və Şərqi Aralıq Dənizi məsələsində oyunun önəmli bir hissəsi olduq, çox önəmli qazanclar əldə etdik, yeri gəldi oyunu biz qurduq, ölkəmizin əleyhinə olan oyunları biz pozduq”.