logo

“Azercell Könüllüləri” və dostları uşaqların hədiyyə arzusunu yerinə yetirib

14:24 29-12-2020 | icon 2093
“Azercell Könüllüləri” və dostları uşaqların hədiyyə arzusunu yerinə yetirib

Bu il Dünya Azərbaycanlıların Həmrəyliyi günü və Yeni ilin gəlişini xalqımız xüsusi sevinc və fərəh hissi ilə qeyd edəcək. Bu bayramlara sevinmək isə hər bir azərbaycanlının, xüsusilə də uşaqlarımızın haqqıdır.

YeniAvropa xəbər verir ki,məhz buna görə, “Azercell Könüllüləri” xeyriyyə təşkilatı ölkəmiz üçün sınaq və qürur dövrü olan son aylar ərzində həm böyük qəhrəmanlıq göstərmiş, həm də müharibənin çətinlikləri ilə üzləşmiş ailələrin övladlarına xüsusi qayğı ilə yanaşaraq, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və “SOS Uşaq Kəndləri Azərbaycan” Assosiasiyasının təşkilati dəstəyi ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə körpələrimizi sevindirəcək bayram aksiyasına start verib.

Xüsusi əhəmiyyət kəsb edən məqam lider mobil operatorun öz əməkdaşlarından ibarət “Azercell Könüllüləri” qrupunun sosial çağırışının bu dəfə hər kəs üçün açıq olması idi ki, bu da istər ölkə daxilində, istərsə də xaricdə yaşayan həmvətənlərimizin bu təşəbbüsə öz qatqısını verə bilməsi ilə nəticələnib. Bir aya yaxın müddət ərzində “Azercell Könüllüləri” qrupunun “Facebook” səhifəsi vasitəsilə Gəncə və Bərdə şəhərlərində erməni təxribatı nəticəsində raket zərbələrindən ziyan çəkmiş azyaşlı uşaqların, eləcə də Bakı və Gəncədə yerləşən “SOS Uşaq Kəndləri Azərbaycan” sakinlərinin siyahısı izləyicilərin ixtiyarına verilib. Hər bir uşağın Yeni ildə almaq istədiyi özəl hədiyyənin əks olunduğu siyahıdan bu təşəbbüsə qoşulmaq istəyən hər kəs istər arzu olunan hədiyyəni seçib almaqla, istərsə də, səhifədə dərc edilən bank rekvizitləri vasitəsilə ianə etməklə öz dəstəyini göstərə bilib. Qeyd edək ki, “Azercell”in texniki tərəfdaşı olan “Ericsson” şirkətinin əməkdaşları da bu bayramqabağı xeyriyyə aksiyasının gerçəkləşməsində öz əhəmiyyətli qatqılarını əsirgəmədilər. Nəhayət, böyük qayğı ilə toplanılan bütün hədiyyələr dekabrın 28-də “Azercell Könüllüləri” tərəfindən uşaqlara çatdırılıb.

Eyni zamanda, Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımız, eləcə də qazilərimizin övladlarının da hədiyyə arzuları toplanılaraq Bakı və bölgələr boyu yüzlərlə uşağın evinə bayram sevinci gətirib.

“Azercell Könüllüləri” və “Facebook” vasitəsilə dəstək verən dostların bu sosial aksiyası nəticəsində ümumilikdə 500-dən artıq uşaq Yeni il arzusunun gerçək olması səadətini yaşayıb.

Cəmiyyətimizin döyünən ürəyi və ümidli gələcəyi olan əziz uşaqlarımızı qarşıdan gələn bayramlar münasibətilə təbrik edir, onlara sülh və əmin-amanlıq, bütün arzularının yerinə yetməsini diləyirik.

0-1-1

0-1-2