logo

Ərdoğanın sözçüsü:"Türk hərbçiləri bu və ya digər şəkildə Qarabağda olacaqlar"

12:33 22-11-2020 | icon 343
Ərdoğanın sözçüsü:"Türk hərbçiləri bu və ya digər şəkildə Qarabağda olacaqlar"

Rusiya və Türkiyə nümayəndə heyəti arasında Qarabağla bağlı danışıqların ilk mərhələsi başa çatıb.

 YeniAvropa xəbər verir ki, bu barədə Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın "NTV" kanalına açıqlamasında deyib.

O bildirib ki, ilk mərhələdə Rusiya tərəfi Türkiyənin fikirlərini öyrəndi: “Artıq onlar lazımi təlimatları Kremldən alacaqlar. Önümüzdəki günlərdə əməliyyat şəraiti, harada və necə aparılması, kimin hansı işi görəcəyi ilə bağlı danışıqların yekunlaşmasını gözləyirik. Türk əsgəri onsuz da orada olacaq. Biz onsuz da oradayıq. Çünki Azərbaycanla xüsusi münasibətlərimiz var. Hərbi və əməkdaşlıq müqavilələrimiz lap əvvəldən mövcuddur. Artıq Türkiyə Ordusunun Azərbaycana göndərilməsi ilə bağlı sənəd də parlamentdə qəbul edilib. Müşahidə missiyası olaraq Azərbaycandakı fəaliyyətimizi davam etdirəcəyik”.

Türkiyə prezidentinin mətbuat katibi xatırladıb ki, ABŞ-ın Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəs haqqında Saziş təşəbbüsü ilə çıxış edərkən Ankara bu ideyanı dəstəkləsə də, razılaşma pozulub. Eyni vəziyyət Fransaya da aiddir.

"Nə NATO, nə də Aİ faktiki olaraq Qarabağla bağlı konkret və reallaşdırılan təkliflə çıxış etməyib, halbuki Moskva və Ankara 30 illik münaqişənin həllinə dair qarşılıqlı anlaşmaya nail ola bilib", - deyə Kalın bildirib.

Onun sözlərinə görə, Türkiyə hərbçilərinin Qarabağa dair müşahidə missiyasında iştirakı həm də Qərbin, o cümlədən Avropanın strateji uğurudur. “Türkiyə hərbçiləri Qarabağ, Suriya və Liviyada balans faktorudur”, - deyə mətbuat katibi vurğulayıb.