logo

İlham Əliyev: Şuşa əməliyyatı dünya hərb tarixində xüsusi yer tutacaq 

14:28 17-11-2020 | icon 5012
İlham Əliyev: Şuşa əməliyyatı dünya hərb tarixində xüsusi yer tutacaq 

Şuşa işğaldan azad olunandan sonra artıq düşmən dərk etdi ki, bundan sonra bizə qarşı müqavimət göstərmək heç bir əhəmiyyət kəsb etməyəcək. Şuşa işğaldan azad olunandan bir gün sonra qəhrəman Azərbaycan Ordusu daha 70-dən çox yaşayış məntəqəsini işğalçılardan azad edib və əslində, bu, düşmənə vurulan son zərbə idi. Təsadüfi deyil ki, noyabrın 10-da düşmən faktiki olaraq kapitulyasiya aktını imzaladı.

 YeniAvropa xəbər verir ki, bu barədə prezident, Ali Baş Komandan İlham Əliyev Füzuli-Şuşa avtomobil yolunun təməlqoyma mərasimində Şuşanın azad edilməsinin tarixi əhəmiyyətindən danışarkən bildirib.

Dövlət başçısı deyib: “Şuşanın işğaldan azad edilməsi bizim gücümüzü göstərdi, Ordumuzun peşəkarlığını, hərbçilərimizin cəsarətini, qəhrəmanlığını göstərdi. Şuşanın götürülməsi çox böyük peşəkarlıq, cəsarət tələb edən əməliyyat idi. Əminəm ki, bu əməliyyat dünya hərb tarixində xüsusi yer tutacaqdır. Çünki bu əməliyyatı yalnız yüngül silahlarla silahlanmış bizim qəhrəman hərbçilərimiz dağlardan, meşələrdən, cığırlardan keçərək icra ediblər. Şuşanın işğaldan azad edilməsi bizim şanlı Qələbəmizdir”.

Bu gün artıq quruculuq işlərinə başlandığını vurğulayan Azərbaycan prezidenti qeyd edib ki, Qələbə günündən 8 gün və Ermənistanın kapitulyasiyasından 6 gün keçəndən sonra artıq bu yerdən – Alxanlı qəsəbəsindən Füzuli-Şuşa avtomobil yolu çəkilir. Bu yol çox rahat və geniş olacaq, imkan verəcək ki, Şuşaya rahat gedib-gələ bilək.