logo

İşğaldan azad edilən daha iki kəndin adı dəyişdiriləcək

18:48 13-11-2020 | icon 1953
İşğaldan azad edilən daha iki kəndin adı dəyişdiriləcək

Noyabrın 13-də Milli Məclisin Regional məsələlər komitəsinin növbəti iclası keçirilib.

YeniAvropa xəbər verir ki, iclası acan komitə sədri Siyavuş Novruzov gündəlik barədə məlumat verib.

Qeyd edib ki, gündəliyə ölkə prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında təqdim olunan “Azərbaycan Respublikasının Xocalı rayonunun Quşçubaba kəndinin Baharlı kəndi adlandırılması haqqında” və “Azərbaycan Respublikasının Xocavənd rayonunun Tsakuri kəndinin Hünərli kəndi adlandırılması haqqında qanun layihələri” daxil edilib. Layihələrə əsasən Azərbaycan Respublikasının Xocalı rayonunun Qarabulaq kənd inzibati ərazi dairəsi tərkibindəki Quşçubaba kəndi Baharlı kəndi adlandırılır. Ölkəmizin Xocavənd rayonunun Çiraquz kənd inzibati ərazi dairəsi tərkibindəki Tsakuri kəndi Hünərli kəndi adlandırılır.

Qeyd edilib ki, Xocalı rayonu ərazisində yerləşən Quşçubaba kəndinin adı dəyişdirilərək həm coğrafi baxımdan, həm də Azərbaycan leksikonuna uyğun olaraq ölkə prezidentinin təşəbbüsü ilə Baharlı adı verilib. Bu, Azərbaycanın zəfərini ifadə etmək baxımından böyük önəm daşıyır.

Komitə sədri Xocavənd rayonunun inzibati ərazisinə daxil olan Tsakuri kəndinin adı ilə bağlı bildirib ki, bu kənd qəhrəman ordumuz tərəfindən bu günlərdə işğaldan azad olunub. Dövlət başçısının təşəbbüsü ilə kəndin adı dəyişdirilərək ona Hünərli adı verilib. Bu ad Azərbaycan Ordusunun Vətən müharibəsində nümayiş etdirdiyi gücü, qüdrəti özündə əks etdirir.

Sonra deputatlar Məzahir Əfəndiyev və Tahir Rzayev müzakirə olunan məsələlərə münasibət bildirərək qeyd ediblər ki, kəndlərimizə verilən yeni adlar müasir dövrün reallıqlarının gələcək nəsillərə çatdırılması baxımından çox əhəmiyyətlidir.

İclasın sonunda qanun layihələri parlamentin plenar iclasına tövsiyə edilib.