logo

Moskva həm Əliyevi, həm də Paşinyanı Rusiyanın dostu hesab edir

12:32 13-11-2020 | icon 1806
Moskva həm Əliyevi, həm də Paşinyanı Rusiyanın dostu hesab edir

"Dağlıq Qarabağdakı münaqişənin həllində Ermənistana dəstək olmadığı iddiası ilə Rusiyaya xəyanət qınağı qətiyyən əsassızdır".

YeniAvropa xəbər verir ki, bu fikri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov RT telekanalına müsahibəsində səsləndirib.

"Moskva həm Azərbaycan prezidenti İlham Əliyevi, həm də Ermənistanın baş naziri Nikol Paşinyanı Rusiyanın dostu hesab edir",-deyən mətbuat katibi daha sonra Rusiyanın İrəvan və Bakı ilə münasibətlərə dəyər verdiyini bildirib.

O, Rusiyanın Ermənistanla Avrasiya İqtisadi İttifaqı və  KTMT-də bir yerdə olduqlarını, xalqlar arasında uzunmüddətli dostluq əlaqələrinin mövcudluğunu deyib.

“Azərbaycanlılarla da eynilə belədir–biz Azərbaycan xalqı ilə tarixi dostluğumuzu qiymətləndiririk. Məhz bu yanaşma münaqişənin həllində   Rusiyaya tərəfsiz vasitəçi rolunu oynamağa imkan verdi”, - deyə Peskov vurğulayıb.

Prezidentin mətbuat katibi əlavə edib ki, ATƏT-in Minsk qrupu Dağlıq Qarabağdakı münaqişənin həlli üçün bir neçə il əvvəl qan tökülməsinin qarşısını alacaq formullar təklif edib. “Bu formullar mövcud idi, beynəlxalq danışıqlar prosesinin iştirakçıları tərəfindən yaxşı tanınıb, amma təəssüf ki, bu və ya digər səbəbdən işləmədi. Əgər tətbiq olunsaydı, hətta iki il əvvəl olsaydı, çox güman ki insan itkisindən qaçmaq mümkün idi”, - deyə mətbuat katibi vurğulayıb.