logo

Milli Məclisin sədri Fransa parlament nümayəndə heyəti ilə görüşüb

16:46 12-11-2020 | icon 1813
Milli Məclisin sədri Fransa parlament nümayəndə heyəti ilə görüşüb

Noyabrın 12-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Fransa parlamentinin Azərbaycanla dostluq qrupunun vitse-prezidenti Jerom Lamberin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

 YeniAvropa xəbər verir ki,görüşdə spiker Sahibə Qafarova ölkələrimiz arasında əlaqələrin zəngin tarixinin olduğunu bildirib. Qeyd olunub ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkələrimiz arasında əməkdaşlığın daha da dərinləşməsində ulu öndər Heydər Əliyevin böyük xidmətləri olub. Bu gün bu siyasət Azərbaycan prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva əlaqələrimizin hərtərəfli inkişafına böyük töhfələr verib. Mehriban xanım Əliyeva vaxtilə Milli Məclisdə Fransa ilə dostluq qrupunun sədri kimi parlamentlərarası münasibətlərimizin dərinləşməsində mühüm rol oynayıb. Heç də təsadüfi deyil ki, məhz bu sahədəki fəaliyyətinə görə Mehriban Əliyeva Fransa Respublikasının “Şərəf Legionunun Zabiti” dövlət ordeni ilə təltif edilib.

Milli Məclisin sədri qeyd edib ki, iqtisadi, mədəni, humanitar sahələrdə əməkdaşlığımız yüksələn xətlə inkişaf etməkdədir. Əlaqələrimizin inkişafında parlamentlərimizin rolu böyükdür. Hər iki ölkənin qanunvericilik orqanlarında dostluq qruplarının fəaliyyət göstərməsi təqdirəlayiqdir.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən söz açan Sahibə Qafarova bildirib ki, Ermənistanın növbəti təxribatından sonra sentyabrın 27-də Azərbaycan Ordusu əks–hücum əməliyyatına və Dağlıq Qarabağda öz ərazi bütövlüyünü bərpa etməyə başlayıb. Milli Məclisin sədri təəssüf hissi ilə qeyd edib ki, müxtəlif səviyyələrdə əlaqələrimizin mövcudluğuna baxmayaraq, Fransa tərəfi, o cümlədən Fransa dostluq qrupunun sədri bu məsələdə Azərbaycanın haqlı mövqeyinə dəstək ifadə etməyib. Əksinə, Fransanın bir sıra yüksəksəviyyəli rəsmilərinin dilindən Ermənistanın işğalçılıq siyasətini dəstəkləyən fikirlər səslənib. Bu ölkənin Avropa və xarici işlər üzrə naziri Jan-İv Lö Drianın son bəyanatı isə Fransanın ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi qismində mandatına uyğun deyil və tamamilə qərəzli xarakter daşıyır. Bütün bunlar, təbii olaraq Azərbaycan ictimaiyyətində haqlı narazılıq doğurur. Azərbaycan beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində öz ərazi bütövlüyünü bərpa edib. Bu, ölkəmizin qanuni haqqıdır.

Sahibə Qafarova Fransa nümayəndə heyətinin üzvlərinin ölkəmizə səfəri zamanı keçirilən görüşlərdə səslənən fikirlərin Fransa Milli Assambleyasında səsləndiriləcəyinə inamını ifadə edib. Ümidvar olduğunu bildirib ki, bu səfər ölkələrimiz arasında münasibətlərin inkişafına yeni təkan verəcək.

Görüşə görə minnətdarlığını bildirən Fransa-Azərbaycan dostluq qrupunun vitse-prezidenti Jerom Lamber ölkəmizə dost kimi səfər etdiklərini söyləyib. Müstəqil Azərbaycanın fransalı dostları Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsinə sevinirlər. Qonaq parlamentlər səviyyəsində münasibətlərin bundan sonra da inkişaf etdirilməsini önəmli hesab etdiyini və bu əlaqələrə mühüm əhəmiyyət verdiyini vurğulayıb.

Jerom Lamber Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın ölkələrimiz arasında münasibətlərin inkişafına verdiyi töhfələri yüksək dəyərləndirib.

Eyni zamanda, bildirilib ki, dostluq qrupunun üzvləri burada gördüklərini və Azərbaycan tərəfinin fikirlərini Fransa ictimaiyyətinə və öz həmkarlarına çatdıracaqlar.

Qarşılıqlı səfərlərin əhəmiyyətinə toxunan qonaq bu cür görüşlərin regionda baş verən proseslərlə yaxından tanış olmaq, informasiya mübadiləsi baxımından önəmini vurğulayıb.

Görüşdə çıxış edən Fransa-Azərbaycan dostluq qrupunun üzvləri parlamentlərarası əlaqələrin inkişafı, Cənubi Qafqazda baş verən proseslərlə bağlı fikirlərini bölüşüblər.

Söhbət zamanı tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.