logo

Vətən müharibəsində fərqlənən hərbçiləri təltif etmək üçün yeni orden və medallar təsis olunacaq

16:56 11-11-2020 | icon 1967
Vətən müharibəsində fərqlənən hərbçiləri təltif etmək üçün yeni orden və medallar təsis olunacaq

Mən artıq göstəriş vermişəm ki, Azərbaycanda yeni ordenlər və medallar təsis ediləcək. Məhz Vətən müharibəsində fərqlənmiş hərbçilərə və mülki şəxslərə bu orden və medallar veriləcək. Bu orden və medalların adlarını da mən təklif etmişəm. Hesab edirəm ki, bu adlar sizin də, Azərbaycan xalqının da xoşuna gələcək.

YeniAvropa xəbər verir ki, bu haqda Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyev bu gün 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşündə məlumat verib.

“Göstəriş vermişəm ki, düşmənin qənimət götürülmüş hərbi texnikası Bakıya gətirilsin. Tapşırmışam ki, yer seçilsin, o texnikanı biz nümayiş etdirəcəyik. Bütün Azərbaycan xalqı gedib görəcək ki, biz nəyi əldə etmişik. Məhv edilmiş bəzi texnika elə vəziyyətdədir ki, indi onu gətirmək mümkün deyil. Amma bu məlumatı mən ardıcıl şəkildə xalqımıza təqdim edirdim ki, biz düşmənin nə qədər texnikasını məhv etdik. Faktiki olaraq onların ordusunda texnika qalmadı, ordusu demək olar ki, yoxdur. Özləri də bunu etiraf ediblər. Özləri də etiraf edirdilər ki, Azərbaycan onlara qalib gəldi”,-deyə dövlət başçısı vurğulayıb.

Prezident qeyd edib ki, bu tarixi Qələbəmizi hüquqi müstəvidə, siyasi müstəvidə daha da möhkəmləndirəcəyik. Bundan sonra vətəndaşlarımız rahat yaşayacaqlar, öz doğma torpağına qayıdacaqlar. Azərbaycan sizin sayənizdə yeni bir dövrə qədəm qoyacaq.

Hospitala hərbçilərə hörmətini ifadə etmək üçün gəldiyini bildirən Müzəffər Ali Baş Komandan deyib: “Sizin valideynlərinizə öz təşəkkürümü bildirirəm ki, dövlət üçün belə qəhrəman övladlar yetişdiriblər. Gəlmişəm ki, sizə şəxsən öz təşəkkürümü bildirim, sizi təbrik edim. Mənim birinci təbrik etdiyim insanlar sizsiniz və sizin simanızda bizim bütün qəhrəman döyüşçülərimizdir. Gəlmişəm deyim ki, mən hər zaman sizinlə bir yerdə olacağam. Mənə arxalana bilərsiniz. Bizim qəhrəman döyüşçülərimiz gələcək həyatda da daim mənim nəzarətim altında olacaqlar. Bir daha sizi təbik edirəm, tezliklə sağalın, adi həyata qayıdın. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”.