logo

İstanbulda gözlənilən zəlzələ və onun fəsadları haqda hesabat hazırlanıb

14:13 06-11-2020 | icon 2051
İstanbulda gözlənilən zəlzələ və onun fəsadları haqda hesabat hazırlanıb

Son zamanlar mütəxəssislər tərəfindən Türkiyənin Marmara bölgəsində, xüsusilə İstanbul və ətrafında 7-7,5 bal gücündə zəlzələnin meydana gələcəyi ilə bağlı ehtimallar irəli sürülür. Bununla əlaqədar olaraq İstanbul Böyükşəhər Bələdiyyəsi yanında statistika ofisi tərəfindən İstanbulda baş verə biləcək zəlzələ və onun yarada biləcəyi fəsadlara dair hesabat hazırlanıb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki,hesabata əsasən, İstanbulda baş verə biləcək 7,5 bal gücündə zəlzələ nəticəsində təxminən 48 min bina ağır zədə ala və ya tamamilə dağıla bilər.

Hesabatda qeyd edilir ki, 2000-2019-cu illər arasında İstanbulda 376 min bina tikilib. Təbii fəlakətlərə qarşı ən böyük riskli olanlar isə 2000-ci ildən əvvəl tikilən binalardır. Hazırda İstanbulda 1980-2000-ci illər arasında tikilən 538 min 800, 1980-ci ildən əvvəl inşa olunan 255 min bina var.

Keçmişdə baş verən yeraltı təkanların araşdırılması əsasında hazırlanan hesabatda bildirilir ki, son 100 il ərzində İstanbul ətrafında 7 və daha yüksək bal gücündə yeddi yeraltı təkan qeydə alınıb. Bunların sonuncusu 1999-cu ildə meydana gəlib. Bu zəlzələlər zamanı ən çox itki əsasən köhnə və zədəli binalarda olub. Bundan sonra baş verə biləcək 7 və daha yüksək bal gücündə zəlzələdə İstanbulda küçələrin təxminən 30 faizinin bağlanma, 194 min binanın orta və ağır zədə alma, təxminən 48 min binanın isə tamamilə dağılma ehtimalı çox yüksəkdir.