logo

Əsir düşmüş pastor erməni əsgərlərini silahı yerə qoymağa çağırıdı

13:58 06-11-2020 | icon 343
Əsir düşmüş pastor erməni əsgərlərini silahı yerə qoymağa çağırıdı

Ermənistanın Gümrü şəhərinin Adventist kilsəsinin Azərbaycana əsir düşmüş pastoru Hovsep Saakyan Araratoviçlə noyabrın 6-da Yeddinci Günün Adventistlərinin Dua Evində görüş keçirilib.

 YeniAvropa xəbər verir ki, görüşdə əvvəlcə Hovsep Saakyan, Bakıdakı və Gəncədəki Yeddinci Günün Adventistləri icmalarının pastorları Elşən Cabbarov və Elşən Səmədov dua ediblər.

Sonra çıxış edən Elşən Cabbarov bildirib ki, Allah hər zaman sülhün tərəfindədir, insanların həmişə sülh içində yaşamasını istəyir. Biz insanları sülhə çağırırıq. Allah müqəddəs kitabda bu barədə deyib. Biz yalnız sülh sayəsində xoşbəxt yaşaya bilərik.

Daha sonra Hovsep Saakyan çıxış edərək deyib ki, o, həmişə erməni və Azərbaycan xalqlarının sülh içində yaşamasını istəyib: “Bu gün biz Allahın çağırışını eşitdik. Allah istəyir ki, biz sülh şəraitində yaşayaq. Allah müharibə istəmir. Allah insanlığı, eləcə də Azərbaycan və erməni xalqlarını ona görə yaratdı ki, hamımız sülh və əmin-amanlıq içində yaşayaq. Mən çox şadam ki, Allah möcüzə nəticəsində həyatımı qoruyub saxladı və mən indi buradayam”.

Hovsep Saakyan bildirib ki, ona hərbi komissarlıqdan zəng edib müharibədə iştirak etməli olduğunu deyiblər. O isə vuruşmaq istəmədiyini bildirib: “Mən dini inancıma görə müharibənin tərəfdarı olmadığımı, əlimə silah götürüb heç kəsi öldürə bilməyəcəyimi dedim, lakin mənə bunun heç bir əhəmiyyətinin olmadığını dedilər. Mən cəbhəyə getdim və heç kəsi öldürməyəcəyimi dedim. Mənə imkan yaratsaydılar, vuruşmaq əvəzinə arxa cəbhədə hospitalda xəstələrə yardım edərdim. Lakin bizimkilər buna imkan vermədilər. Mən cəbhəyə yollansam da, əlimə silah götürüb vuruşmadım. Mən qərara gəlmişdim ki, insanları xilas edəcəyəm. Bu, baş verdi və mən bir nəfər yaralanmış şəxsə kömək etdim. Biz Qubadlıda olanda heç bir saat keçmədi ki, mərmilər partlamağa başladı. Mən sağ ayağımdan qəlpə yarası aldım. Məni hospitala köçürmək istəyirdilər. Lakin biz yolda olanda yenidən mərmi partladı və maşınımız qəzaya düşdü. Yanımdakıların hamısı öldü, bircə mən sağ qaldım. Allah məni qorudu və mənə yeni bir imkan verdi. Mən Azərbaycan və erməni xalqlarını sülhə çağırıram. Allah istəyir ki, biz əmin-amanlıq içində yaşayaq”.

Pastor erməni əsgərlərinə çağırış edərək deyib ki, silahı yerə qoysunlar, vuruşmasınlar. Çünki onlar başqasının torpağında vuruşurlar. “Mənimlə 60 nəfər var idi. Əminliklə deyə bilərəm ki, onlar da döyüşmək istəmirdilər. Onlar da sülh tərəfdarı idilər. Çünki onlar da cavan idilər, onların ailəsi, uşaqları vardı, müharibəni dayandırıb evlərinə qayıtmaq istəyirdilər. Necə ki, mən ailəli insanam, doqquz aylıq qızım var və tezliklə ailəmə qovuşmaq istəyirəm, onlar da mənim kimi ailələrinə qovuşmaq istəyirdilər”.

Erməni pastor hazırda Azərbaycanda saxlanma şəraiti ilə bağlı danışaraq burada hər şeyin qaydasında olduğunu, paltar və yeməklə təmin edildiyini bildirib, buna görə təşəkkür edib. O, həmçinin erməni patriarxı II Qareginin müharibə çağırışlarını qəbul etmədiyini vurğulayaraq deyib ki, müqəddəs kitab insanları sülhə çağırır. Öldürmək böyük günahdır. “Buna görə də erməni din xadimlərinin müharibə çağırışlarını qınayıram. Təəssüf ki, vətənimdə erməni kilsəsinin digər icmalara münasibəti pisdir, onları sekta hesab edir. Mən orada olan zaman Azərbaycan tərəfindən hər hansı bir kilsənin bombalanmasının və ya atəşə tutulmasının şahidi olmamışam”, - deyə o əlavə edib.

Azərbaycana əsir düşdükdən sonra Hovsep Saakyanın əsir hüquqlarına və dini inancına hörmətlə yanaşılıb. Onun kilsəyə gətirilməsi də, bu humanist münasibətin bariz nümunəsidir.

Azərbaycanda bütün dövrlərdə olduğu kimi, hətta müharibə şəraitində belə multikultural dəyərlərə, insan hüquqlarının təmin olunmasına sadiqliyini nümayiş etdirib.

Qeyd edək ki, Azərbaycanda adventizm XIX əsrin sonlarından yayılmağa başlayıb. Çar Rusiyası dövründə Azərbaycanda adventizm əsasən molokanlar arasında yayılıb. Lakin çar müstəbid rejimi adventistləri təqib etməyə başladıqdan sonra onların rəhbərləri həbsxanaya atıldı və ya sürgünə göndərildi, digərləri isə ölkədən çıxarıldı. Buna baxmayaraq, Rusiya imperiyası dövründə Azərbaycanın ayrı-ayrı yerlərində kiçik adventist dini icmalar mövcud olub.

Sovet hakimiyyəti illərində də Azərbaycanda adventistlər fəaliyyət göstərib. Keçən əsrin 80-ci illərində Bakıda adventistlərin sayı 100 nəfərə yaxın olub.

1991-ci ildə Azərbaycan xalqı dövlətçilik ənənəsini yenidən bərpa etdikdən sonra respublikamızda yaşayan adventistlər öz inanclarını qorxmadan, çəkinmədən yaşamaq və yaymaq imkanı əldə etdilər. 1980-ci illərin sonunda ölkəmizdə adventistlərin sayı 125 nəfər olduğu halda, günümüzdə onların sayı təqribən 400 nəfərə yaxındır.

Ermənistanda Qriqoryan kilsəsinin şəksiz hökmranlığı şəraitində digər dinlərin və dini icmaların nümayəndələri daim təzyiq altında saxlanılır, onların hüquqları kobud şəkildə pozulur, dini hissləri tapdanır. Bu günlərdə Yeddinci Günün Adventistləri icmasının nümayəndələrinin silahlandırılaraq cəbhəyə göndərilməsi bunun bariz nümunəsidir.

Adventistlər müharibəni və silahlı qarşıdurmada iştirakı qəbul etmirlər. İcma üzvləri əllərinə silah götürmür, silahdan istifadə etmirlər. Buna baxmayaraq, ciddi insan resursu çatışmazlığı ilə üzləşən Ermənistanın hərbi-siyasi rəhbərliyi hətta adventistləri belə zorla silahlandırıb cəbhəyə göndərir. Ermənistanın Gümrü şəhərinin Adventist kilsəsinin pastoru Hovsep Saakyanın dini inanclarının əleyhinə olaraq zorla silahlandırılıb cəbhəyə göndərilməsi bunu aydın şəkildə nümayiş etdirir.