logo

İşğaldan azad olunan sərhəd zastavalarında Azərbaycan bayrağı dalğalanır

23:38 16-10-2020 | icon 2002
İşğaldan azad olunan sərhəd zastavalarında Azərbaycan bayrağı dalğalanır

Azərbaycan-İran dövlət sərhədinin Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olan 132 kilometrlik hissəsinin azad edilməsinə başlanılması sərhədçilərimiz tərəfindən böyük sevinc və ruh yüksəkliyi ilə qarşılanıb.

YeniAvropa xəbər verir ki, işğaldan azad edilmiş Cəbrayıl rayonu ərazisindəki “Çaxırlı” və “Mahmudlu” sərhəd zastavaları üzərində bu gün Azərbaycan  prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən dövlət bayrağımız ucaldılıb və bu sərhəd zastavalarının xidməti-döyüş fəaliyyətinə başlaması münasibətilə təntənəli mərasim təşkil edilib.

Mərasimdə Ermənistan Silahlı Qüvvələrinin əzəli Azərbaycan torpaqlarından qovulması üzrə döyüş əməliyyatlarında Azərbaycan sərhədçilərinin də şərəflə iştirak etməsi və Silahlı Qüvvələrin digər növləri ilə birlikdə düşmənə sarsıdıcı zərbələr endirməsi xüsusi qeyd edilib.

Dövlət sərhəd xəttində xidmət aparan hər bir sərhədçi zabitin, gizirin, çavuşun və əsgərin də düşmənə qarşı döyüş tapşırıqlarını yerinə yetirməyə hazır olmaları vurğulanıb, şəxsi heyətin döyüş ruhunun son dərəcə yüksək olması, hərbi qulluqçulardan döyüş bölgəsinə göndərilmə barədə çoxsaylı müraciətlərin daxil olması bildirilib.

1993-cü ilin oktyabrında Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuş və 27 ildən sonra azad edilmiş həmin ərazidə dövlət sərhədinin mühafizəsi Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin şəxsi heyəti tərəfindən təşkil olunub.

Yaxın müddətdə işğaldan azad ediləcək digər sərhəd zastavalarında sərhəd mühafizə tədbirlərinin həyata keçirilməsinə hazırlıq tədbirləri davam etdirilir.