logo

“Bayraktar” dronları Ermənistana 1 milyard dollar ziyan vurub

08:48 15-10-2020 | icon 2170
“Bayraktar” dronları Ermənistana 1 milyard dollar ziyan vurub
 

Prezident İlham Əliyev oktyabrın 14-də Fransanın “France 24” telekanalına müsahibə verərək Qarabağda gedən döyüş əməliyyatları barədə danışıb.

YeniAvropa xəbər verir ki, Azərbaycan prezidenti müharibəsində Türkiyənin iştirakı haqda iddiaların “feyk” xəbərlərə əsaslandığını deyib, amma bildirib ki, Azərbaycan öz ərazilərini işğaldan azad etmək üçün həm də Türkiyə hərbi sənayesinin istehsalı olan silah sistemlərindən yararlanır.

"Türkiyənin hərbi iştirakı daha bir "feyk" xəbərdir. Türkiyənin hərbi iştirakı yoxdur. Biz Türkiyə istehsalı olan hərbi avadanlıqlardan istifadə edirik, bu, doğrudur. Lakin biz Rusiya istehsalı olan hərbi avadanlıqlardan, İsrail istehsalı olan hərbi avadanlıqlardan, digər ölkələrin istehsalı olan hərbi avadanlıqlardan istifadə edirik. Bunu pulsuz əldə edən Ermənistandan fərqli olaraq biz bu hərbi avadanlıqları alırıq",- deyə prezident vurğulayıb.

Dövlət başçısı bildirib: "Siyasi müstəvi istisna olmaqla, Türkiyə heç bir halda prosesdə iştirak etmir. Burada Türkiyə qoşunları yoxdur. Türkiyənin "F-16"ları buradadır, lakin onlar burada birgə hərbi təlimdən sonra qalıblar. Yeri gəlmişkən, ötən il biz hava qüvvələri də daxil olmaqla, Türkiyə ilə 10 birgə hərbi təlim keçirmişik. Bu il pandemiya səbəbindən biz cəmi 2 təlim keçirdik. Belə alındı ki, hərbi təlimdən sonra bu toqquşma baş verdi. Beləliklə, biz "F-16"ları yerdə saxlamağı qərara aldıq və onlar yerdədir, havada deyil".

Azərbaycan prezidenti jurnalistin "siz Türkiyə istehsalı olan neçə dron cəlb etmisiniz?", - sualına "Hədəflərimizə çatmağımız üçün kifayət qədər varımızdır. Zənnimcə, məni başa düşə bilərsiniz ki, bu, mənim açıqlamamağa üstünlük verdiyim məlumatdır", - deyə cavab verib.

Prezident İlham Əliyev deyib: "Əlbəttə, onlar çox müasir, inkişaf etmiş silahlardır. Sizə deyə bilərəm ki, təkcə Türkiyədən əldə etdiyimiz dronlar vasitəsilə biz Ermənistanın bir milyard dollar dəyərində hərbi texnikasını məhv etmişik, yalnız dronlar vasitəsilə. Əlbəttə, bildiyiniz kimi, biz başqa mənbələrdən olan dronlardan da istifadə edirik. Biz artilleriyadan istifadə edirik, geniş çeşiddə hərbi avadanlıqdan istifadə edirik. Lakin təkcə dronlar Ermənistana 1 milyard dollar ziyan vurub. Bu, onlar üçün ciddi ziyandır. Mənə maraqlıdır onlar bütün bu avadanlığı almaq üçün bu qədər pulu haradan tapıblar, çox güman ki, onu pulsuz əldə ediblər"